BAKI, 1 oktyabr. TELEQRAF
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Teleqraf-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücüləri xüsusilə diqqətli olmağa çağırır.
Yağıntılı hava şəraitində yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və güclü küləyin nəqliyyat vasitələrinin idarə olunmasına təsiri qəza riskini artıra bilər. Bu səbəbdən sürücülər sürət həddini mövcud yol və hava şəraitinə uyğun seçməli, ara məsafəsini artırmalı, qəfil manevr və sərt tormozlamadan çəkinməlidirlər. Piyadalara isə yolun hərəkət hissəsinə çıxarkən daha diqqətli olmaları, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etmələri və məhdud görünmə şəraitini nəzərə almaları tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qarşıdakı günlərdə gözlənilən qeyri-sabit hava şəraitini nəzərə almağa, yollarda diqqətli və ehtiyatlı davranmağa çağırır.