BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31-in başa çatması ilə əlaqədar sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, Muxtar Babayev paylaşımında Türkiyəni COP31-ə sədrliyi, Avstraliyanı isə danışıqlar prosesinə rəhbərlik etməsi münasibətilə təbrik edib və onların şəffaf, inklüziv prosesin təmin olunması istiqamətində səylərini yüksək qiymətləndirib.
M. Babayev konfransın yüksək səviyyədə təşkilinə görə qardaş Türkiyəyə, Antalya sakinlərinə isə qonaqpərvərliklərinə görə təşəkkürünü bildirib. O, həmçinin bütün iştirakçı tərəflərə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə minnətdarlığını ifadə edib.
Muxtar Babayev qeyd edib ki, Antalyada keçirilən müzakirələr ümumi mövqeyə gəlmək və Paris Sazişi çərçivəsində öhdəliklərin icrasını sürətləndirmək üçün davamlı dialoqun və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyib.
O, qarşıdakı il ərzində Türkiyənin sədrliyi ilə qlobal iqlim gündəliyinin irəlilədilməsinə töhfə verməyi və Afrikaya qayıdacaq COP32-yə hazırlıq çərçivəsində birgə səyləri davam etdirməyi səbirsizliklə gözlədiklərini vurğulayıb.