BAKI, 24 noyabr. TELEQRAF
Almaniya xarici işlər naziri Yohann Vadeful Rusiyanın Avropanın 1997-ci ildən əvvəlki təhlükəsizlik sisteminə qayıtmaq çağırışlarını “qeyri-ciddi” adlandırıb.
Teleqraf xəbər verir ki, nazir bu məntiqlə Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdən imtina etməli olduğunu bildirib.
“Əlbəttə, Putinin 1997-ci ildəki vəziyyətə qayıtmaq barədə danışması qeyri-ciddidir. Çünki bu, onun hazırda Ukraynanın şərqində işğal etdiyi bütün əraziləri (Donbas) və Krımı geri qaytarması demək olardı. Bəs Rusiya həqiqətən bunu etməyə hazırdırmı? Mən belə düşünmürəm. Buna görə də gəlin, məsələlərə ciddi yanaşaq”, - Vadeful deyib.
Almaniya xarici işlər nazirinin sözlərinə görə, Avropada artıq 1975-ci il Helsinki Yekun Aktı, Paris Xartiyası və Budapeşt Memorandumu ilə təməli qoyulmuş təhlükəsizlik arxitekturası mövcuddur. O vurğulayıb ki, Rusiya özü də imzaladığı bu hüquqi çərçivələrə əməl etməlidir.
Yohann Vadeful həmçinin izah edib ki, Moskvanın hazırkı siyasəti səbəbindən Avropa dövlətləri Rusiya ilə qarşıdurma şəraitində öz təhlükəsizlik sistemlərini qurmağa məcbur olacaqlar.
Xarici işlər naziri Rusiyanın Polşada törətdiyi təxribatları da şərh edərək, müttəfiqlərin NATO ərazisini müdafiə etməyə hazır olduğunu bildirib:
“NATO ərazisinin hər qarışını daim müdafiə edəcəyik. Bu, tamamilə aydındır. Buna görə də, cənab Putin, yanılmayın. Biz müdafiə alyansıyıq, amma özümüzü, ölkələrimizi və alyansımızı qorumağa hazırıq”.