BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Orta Dəhlizin inkişafında İtaliya şirkətlərinin rolunu və iki ölkə arasında qarşılıqlı investisiyaların artdığını vurğulayıb.
Teleqraf xəbər verir ki, bunu nazir italiyalı həmkarı İtaliya Nazirlər Şurası Sədrinin müavini, beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Orta Dəhliz layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə əsas məsləhətçi şirkət İtaliyaya məxsusdur:
“Layihənin növbəti mərhələlərində də İtaliya şirkətlərinin iştirakı gözlənilir”.
Nazir vurğulayıb ki, Orta Dəhliz Avropa, Mərkəzi Asiya və digər Asiya ölkələri arasında nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu istiqamətdə Azərbaycanın xüsusi rolu və əldə etdiyi nailiyyətlər diqqətə çatdırılıb”.
Ceyhun Bayramov əlavə edib ki, Azərbaycanla İtaliya arasında uzun illərdir yüksək ticarət dövriyyəsi mövcuddur:
“Son illərdə isə iki ölkə arasında qarşılıqlı investisiyaların həcmi də artmaqdadır”.