BAKI, 23 noyabr. TELEQRAF
İtaliya Azərbaycanın enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir.
Teleqraf xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Antonio Tayani Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəmərinin (TAP) Avropanın enerji təchizatındakı əhəmiyyətinə diqqət çəkib.
O qeyd edib ki, bu layihələr 17 Avropa ölkəsinə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə xidmət göstərir.
Nazir sualtı kabellər, dəmir yolları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarının da nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
O, Azərbaycanı İtaliya üçün dost ölkə adlandırıb və Bakıda keçirilən biznes forumunun ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.