BAKI, 24 noyabr. TELEQRAF

“Qadınların təhsil və iqtisadi imkanlarının genişləndirilməsi onların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması və cəmiyyətdə bərabərhüquqlu iştirakının gücləndirilməsi ilə bilavasitə bağlıdır”.

Teleqraf xəbər verir ki, bunu “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, qadınlara qarşı məişət və digər zəminlərdə törədilən zorakılığın, eləcə də erkən evlilik kimi zərərli halların qarşısının alınması dövlət siyasətinin mühüm istiqamətlərindəndir:

“Son illərdə ölkəmizdə bu sahədə əhəmiyyətli qanunvericilik dəyişiklikləri edilib. Cinayət əməllərinə qarşı ciddi tədbirlər görülür. Xüsusilə qanunvericiliyə edilmiş dəyişikliklər əsasında zərər çəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi, mühafizə orderlərinin tətbiqinin təkmilləşdirilməsi, yerli icra hakimiyyəti orqanlarında monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də aidiyyəti qurumların birgə fəaliyyətinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır".

Bahar Muradova vurğulayıb ki, erkən evlilik, bir qayda olaraq, qızların təhsil, sağlamlıq, şəxsi inkişaf və gələcəklərini müəyyənləşdirmək imkanlarını ciddi şəkildə məhdudlaşdıran sosial bəladır:

“Hər bir qızın təhsil almaq, sağlam və təhlükəsiz mühitdə böyümək, öz gələcəyi ilə bağlı qərarların verilməsində iştirak etmək hüququ var və bu hüquqlar dövlət tərəfindən qorunmalıdır”.