BAKI, 24 noyabr. TELEQRAF
Prezident İlham Əliyevin 15 iyul sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilib. Sərəncamın əhəmiyyəti beynəlxalq aləmdə insan alverinin təhlükəli həddə çatmasıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.
Qeyd edilib ki, Azərbaycanda da bu hallara rast gəlinilir, vətəndaş iş adıyla aldanılaraq xarici ölkəyə aparılır və həmin ölkədə pasportu əlindən alınaraq mütəşəkkil cinayətkar qrupun girovuna çevrilir:
“Cənub-Şərqi Asiyada hüquq-mühafizə orqanlarının əməliyyatlarının güclənməsindən sonra bəzi qrupların öz bazalarını Mərkəzi Asiyaya köçürdüyü bildirilir, bu isə həmin fəaliyyətlərin Cənubi Qafqaza da yayıla biləcəyi ilə bağlı narahatlıqlar doğurur. Artan cinayətlər göstərir ki, transmilli cinayət şəbəkələrini yalnız bir ölkənin səyləri ilə effektiv şəkildə məhv etmək mümkün deyil. Cənubi Qafqazda strateji əhəmiyyətə malik Azərbaycan da bu cür cinayətkar şəbəkələrin fəaliyyəti ilə bağlı risklərlə üzləşə bilər. Bu mənada Azərbaycanın transmilli cinayətkar şəbəkərlərlə mübarizə təcrübəsi qazanan Cənubi Koreya ilə sıx əməkdaşlığa ehtiyac var.
Beynəlxalq aləmdə transmilli cinayətkar qrupların fəaliyyəti genişlənib və yeni dövlətlər hədəf seçilib. Avrasiya bölgəsində vəziyyət daha mürəkkəbdir, şəbəkələnmiş transmilli cinayətkar qrupların sayı artıb. Cənubi Koreyada bir cinayət hadisəsinin təhqiqatı minlərlə üzvü olan şəbəkənin üzə çıxmasına yol açıb. Məsələyə Cənubi Koreya Prezidenti Li Çje Myon da müdaxilə edərək, təhqiqatı şəxsi nəzarətinə götürüb. Prezident xaricdəki Koreya vətəndaşlarına qarşı törədilən cinayətlərə qarşı hökumət səviyyəsində hərtərəfli tədbirlər görülməsinə çağırış edib. Cənubi Koreya hökuməti istintaq tədbirlərini və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Transmilli Cinayətlər üzrə Xüsusi Cavab Qrupu yaradıb. Bu qrupun fəaliyyəti nəticəsində fırıldaqçı təşkilatlarla əlaqəsi olan 137 nəfər Cənubi Koreyaya qaytarılıb. Xüsusi qrup fəaliyyətə başladığı vaxtdan bəri təxminən 1000 nəfər həbs edilib”.
Məqalədə vurğulanıb ki, “Romantik fırıldaqçılıq” adı verilən təhqiqat nəticəsində Cənubi-Şərqi Asiyanın cinayətkar kartellərinə kömək etməkdə günahlandırılan yüzlərlə gənc məhkum edilib və bu, hələ son deyil:
“Məhkum edilən cənubi koreyalı gənclər böyük və asan pul qazanmaq perspektivi ilə Cənub-Şərqi Asiyanın cinayətkar sindikatlarının fəal üzvlərinə çevriliblər. Cənubi Koreya polisinin təhqiqatı dərinləşdikcə, regional cinayətkar şəbəkənin miqyasının böyüklüyü aydınlaşıb. Təhqiqat 25 yaşlı cənubi koreyalı gəncin Kambodcada otellərin birində yüksək məvaciblə iş elanına uyğun olaraq bu ölkəyə səfərindən başlayıb. Məlum olub ki, yüzlərlə gənc saxta saytlardakı “iş elanı” ilə aldadılıb. Gənclər getdikləri ölkədə oteldə çalışmaq əvəzinə cinayətkar mərkəzlərin ofislərində işə götürülüblər”.
Bildirilib ki, oxşar hadisə Qazaxıstanda da baş verib:
“Bu ölkənin polisi böyük, çoxşaxəli cinayətkar qrupla bağlı istintaqın başa çatdığını bildirib. Yenə Kamboca və Tailand kimi ölkələrin adları hallanıb. Qazaxıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, “iş elanları” verən cinayətkar qrupa Çin vətəndaşı rəhbərlik edib. İş elanı verən təşkilatlar korporasiyalar kimi fəaliyyət göstərirlər. Bu sxemlərdən istifadə edən cinayətkar qruplar milyonlarla dollar qazanc əldə ediblər. Bu “şirkətlərdə” kameralar, serverlər, verilənlər bazası, mühasibat uçotu və “uğurlu zənglər” üçün bonuslar var, hamısı demək olar, qanuni bir iş kimi görünür. Kamboca polisi Seulun təzyiqi altında saxta elanlar verən şəbəkənin fəaliyyətini dayandırıb. Həbs edilənlərin çoxu fırıldaq qurbanı olduğunu bildirsə də, əksəriyyəti nə etdiklərini dəqiq bilirmişlər və hər sövdələşmə üçün maaş və bonus alırmışlar.
Mütəşəkkil cinyətlə əlaqəli olan şirkətlərdən birinin 23 mərtəbəli binası olub. 2026-cı ilin iyulunda Cənubi Koreya və Qazaxıstan hakimiyyət orqanları Almatıda “İynə” (Operation Needle) adlı birgə əməliyyat keçiriblər. Qazaxıstanda 14 Koreya vətəndaşı, Cənubi Koreyada isə daha 5 nəfər saxlanılıb, bununla da nəzarət altına alınan şübhəlilərin ümumi sayı 19-a çatıb. Görülən tədbirlər nəticəsində Cənubi Koreyada fırıldaqçılıqla bağlı cinayətlərin sayında azalma müşahidə olunub. Qeydə alınan halların sayı 2025-ci ilin üçüncü rübündəki 4200-dən 2026-cı ilin ikinci rübündə 2023-ə enib ki, bu da təxminən 52 faizlik azalma deməkdir. Maliyyə itkiləri təxminən 268,4 milyon manatdan 181,1 milyon manata düşüb, bu isə təxminən 33 faizlik azalmanı ifadə edir.
Hadisənin əsas məğzi ondan ibarətdir ki, əvvəlcə elə görünə bilər ki, sadəlövh gənc koreyalılar Cənub-Şərqi Asiya ölkələrindən olan transmilli cinayətkar qruplar tərəfindən aldadılıb və “zorla” işə cəlb olunublar. Ancaq sonda məlum olub ki, bu gənc və “sadəlövh” şəxslərin çoxu tez bir zamanda böyük pula meyl göstəriblər və cinayətkarlarla bilərəkdən və fəal şəkildə əməkdaşlığa başlayıblar və dəfələrlə “işə” qayıdıblar.
Mütəxəssislərin fikrincə, bu sxemlər narkotik asılılığına bənzəyir: insan gedir, “artıq iştirak etməyəcəyinə” söz verir, amma yenidən pula ehtiyac duyduqda geri qayıdır. Bütün bu sxemlərin və sindikatların böyük şirkətləri və ya dövlət qurumlarını xatırladan mürəkkəb, yaxşı təşkil olunmuş quruluşu var. Araşdırmalar göstərir ki, bu sxemlərdən istifadə edən qrupların sayı və coğrafiyası artıb. İnsanları aldadan korporasiyalar müxtəlif ölkələrdə bürolarını açmağa başlayıblar. Əgər beynəlmiləl cinayətkar qruplar eyni sxemlə Mərkəzi Asiya ölkələrinə də uzanmağa müvəffəq olublarsa, Cənubi Qafqaz ölkələrindəki vətəndaşları da hədəf seçə bilərlər.
Təhlükənin miqyasını göstərən faktlardan biri Cənubi Koreya Prezidentinin ASEAN sammitindəki çıxışında bu mövzunu gündəmə gətirməsidir. Cənubi Koreya Prezidenti transmilli cinayətkar qruplarla bağlı təhlükəni qeyd edərək, regiondakı hüquq-mühafizə orqanlarını əməkdaşlıq etməyə və yeni təhlükəyə qarşı birgə cavab verməyə çağırıb. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq nəticəsində on ildən artıq müddətdir hüquq-mühafizə orqanlarından yayınan, qanunsuz onlayn qumar təşkilatının bir üzvü saxlanılaraq ölkəyə qaytarılıb. Məlumata görə, həmin qumar saytı təxminən 3,88 milyard manat dəyərində əməliyyatlarla əlaqəli olub”.