BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycanla Ermənistan arasında sülh regionda sabitliyin göstəricisidir.
Teleqraf xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Antonio Tayani Azərbaycanla Ermənistan arasında əldə olunan sülhün regionda sabitliyin göstəricisi olduğunu vurğulayıb.
O, səhər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də bu məsələyə toxunduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, davamlı sülhün təmin edilməsi inkişaf üçün zəmin yaradır:
“Azərbaycan və İtaliya iqtisadi əməkdaşlıq vasitəsilə sülhün təşviqinə töhfə verməyə çalışan ölkələrdir”.
A. Tayani İran və Yaxın Şərqdəki vəziyyətə, həmçinin Ukrayna-Rusiya müharibəsinə toxunaraq münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edib:
“İqtisadi baxımdan güclü ölkələr sülhün bərqərar olmasına töhfə verə bilər”.
İtaliyalı nazir silahların dövr etdiyi yerlərdə iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsinin çətinləşdiyini vurğulayaraq, ilk növbədə sülhün təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.