BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SİDS) beynəlxalq dəstək təşəbbüsü çərçivəsində Mədəniyyət və Təhsil İnstitutu (CCEI – Chartered Culture and Education Institute) və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının birgə təşkilatçılığı ilə “Dünya İrsinə Keçid: Bacarıqların İnkişafı” proqramı uğurla həyata keçirilir.
Teleqraf xəbər verir ki, Azərbaycanın beynəlxalq mədəni əməkdaşlıq, qlobal irsin qorunması və inkişaf etməkdə olan ölkələrin institusional potensialının gücləndirilməsinə verdiyi töhfələrdən biri olan bu proqram, SİDS ölkələrinin UNESCO-nun Dünya İrsi mexanizmlərində iştirak imkanlarının genişləndirilməsini, mədəni və təbii irsin qorunması sahəsində peşəkar bilik və bacarıqların inkişaf etdirilməsini hədəfləyir.
İki əsas istiqamətdən ibarət olan proqramın birinci istiqamətini ilkin olaraq Palau, Dominikan Respublikası və Qvineya-Bisauda potensial Dünya İrsi obyektlərinin müəyyənləşdirilməsi, onların müvafiq ölkələrin Dünya İrsinin İlkin Siyahılarına daxil edilməsi istiqamətində hazırlıq işlərinə və gələcək nominasiya proseslərinə ekspert dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu istiqamətdə artıq Palau və Dominikan Respublikasında beynəlxalq ekspert missiyaları uğurla həyata keçirilib. Missiyalar zamanı müvafiq dövlət qurumlarının nümayəndələri, mədəni irsin qorunmasına məsul təşkilatlar və yerli mütəxəssislərlə görüşlər keçirilib, potensial irs obyektləri ilə bağlı ilkin qiymətləndirmələr aparılıb, Dünya İrsi Konvensiyasının tələbləri, nominasiya proseduraları və irsin davamlı idarə edilməsi üzrə təlim və məsləhətləşmələr təşkil olunub.
Ekspert missiyaları proqramın beynəlxalq tərəfdaşı olan Mədəniyyət və Təhsil İnstitutu tərəfindən əlaqələndirilib. Missiyalarda beynəlxalq irs eksperti Dr. Raymond Bondin və CCEI-nin rəhbəri, UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının sədri Vasif Eyvazzadə iştirak edib.
Görüşlər və praktiki fəaliyyətlər zamanı iştirakçı ölkələrin Dünya İrsi sahəsində institusional imkanları, mövcud potensialı, irs obyektlərinin beynəlxalq səviyyədə tanıdılması perspektivləri və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Proqramın növbəti ekspert missiyasının Qvineya-Bisauda həyata keçirilməsi nəzərdə tutulur.
İkinci istiqamət isə SİDS ölkələrində irsin idarə edilməsi sahəsində insan kapitalının gücləndirilməsinə və davamlı peşəkar inkişaf imkanlarının yaradılmasına yönəlib.
Bu məqsədlə SİDS ölkələrindən olan 39 mütəxəssis üçün nəzərdə tutulmuş “İrsin İdarə Edilməsi üzrə Beynəlxalq Peşəkar İnkişaf və Sertifikat Proqramı” həyata keçirilir. Artıq proqramın peşəkar inkişaf komponentinə SİDS ölkələrindən 100-dən çox iştirakçı qoşulub, beynəlxalq ekspertlərin iştirakı ilə təşkil edilmiş canlı onlayn təlim sessiyasında isə 68 nümayəndə iştirak edib.
Peşəkar inkişaf proqramı, iştirakçıların Dünya İrsi Konvensiyası, irs obyektlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, irsin mühafizəsi və idarə edilməsi, beynəlxalq nominasiya mexanizmləri və institusional potensialın inkişafı istiqamətində bilik və bacarıqların artırılmasına xidmət edir.
Qeyd edək ki, Dünya İrsinə Keçid Proqramı 2026-cı ildə UNESCO-nun Dünya İrsi Komitəsi çərçivəsində və BMT-nin 81-ci Baş Assambleyası zamanı beynəlxalq ictimaiyyətə təqdim olunub.