BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 2025-ci ildə 12 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı, Baş nazirin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı xüsusi diqqət mərkəzində olub:
“İtaliya Azərbaycanın ticarət dövriyyəsində əsas tərəfdaşlarından biridir”.
Ceyhun Bayramov bildirib ki, 2025-ci ildə qarşılıqlı ticarətin həcmi 12 milyard dollara çatıb:
“2026-cı ilin ilk 10 ayında isə bu göstərici 9 milyard dolları ötüb”.
Nazirin sözlərinə görə, Azərbaycanda 167 İtaliya şirkəti qeydiyyatdan keçib və onlardan 124-ü hazırda aktiv fəaliyyət göstərir.
O, həmçinin 2026-cı ilin sentyabrında iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının keçirildiyini diqqətə çatdırıb.