
BAKI, 13 aprel. TELEQRAF
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla münasibətlərin normallaşdırılması üçün yeni fürsətlər yaranıb və bu, Cənubi Qafqaza sülh gətirə bilər.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bayramov qeyd edib ki, Azərbaycan 2021-ci ildə Ermənistana danışıqlarla bağlı təklif edib, lakin bu, təxminən bir il cavabsız qalıb. 2022-ci ilin əvvəlində isə rəsmi Bakı beş əsas prinsip əsasında sülh sazişi layihəsini təqdim edib. Elə həmin ilin oktyabrında iki ölkə arasında danışıqlar başlayıb.
Nazirin sözlərinə görə, sülh sazişinin ilk layihəsi Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim edilib və danışıqlar təxminən 2,5 il davam edib. Bir ay əvvəl danışıqlar başa çatıb və layihə üzərində razılaşma əldə olunub. Lakin sənədin imzalanması üçün əlavə məsələlərin də həllinə ehtiyac var. Bunların içində ən vacibi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hələ də yer almasıdır.
“Bu müddəa dəyişmədiyi təqdirdə, sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruri şərtdir,” – Bayramov vurğulayıb.
Azərbaycanın digər əsas şərti isə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılmasıdır. Nazir xatırladıb ki, bu qrup 30 il ərzində heç bir nəticə əldə etməyib və hazırda Qarabağ münaqişəsi tamamilə həll olunub.
Bayramov bildirib ki, Fransa, ABŞ və Rusiyanın həmsədr olduğu bu qrupun fəaliyyətinə son qoyulması vacibdir: “Artıq Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib. Bu halda Minsk Qrupunun saxlanılması cəhdləri şübhələr doğurur. Biz bu qrupun buraxılmasını tələb edirik və gözləyirik. İndi top Ermənistan tərəfindədir.”
Nazir əlavə edib ki, Fransa və digər Qərb ölkələri illər boyu işğala göz yumduqları halda, indi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyinə görə təzyiqlər etməyə çalışırlar.
“BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bizə qarşı sanksiyalar tətbiq etməyə cəhd etdilər, amma uğursuz oldular. “Türkiyə başda olmaqla dost və müttəfiq ölkələrin dəstəyi ilə Qərbin planları puça çıxdı”, – deyə Bayramov bildirib.
Ceyhun Bayramov həmçinin Şimali Kiprlə əlaqələrə də toxunaraq bildirib ki, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında sıx qardaşlıq münasibətləri var. KKTC prezidenti Ersin Tatarın Azərbaycana etdiyi səfərlər və parlamentlərarası əlaqələr bunun göstəricisidir.
O, qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində KKTC-nin fəaliyyətlərini dəstəkləməyə davam edəcək və bu məsələnin yalnız iki toplumun bərabər hüquqlu olması ilə həll oluna biləcəyini bildirib.
“Biz əminik ki, bu məsələ də öz ədalətli həllini tapacaq. Şimali Kiprdəki qardaşlarımız hər zaman Azərbaycanın dəstəyinə arxalana bilərlər,” – deyə Bayramov vurğulayıb.