
BAKI, 12 aprel. TELEQRAF
Bizim əsas məqsədimiz bölgədə təhlükəsizliyin təmin olunmasıdır. Çünki bu, təkcə Azərbaycan üçün deyil, ümumilikdə bütün region ölkələri üçün vacibdir.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” panelində çıxışı zamanı deyib.
"Dövlətlər arasında sülh və sabitliyin qurulması qarşılıqlı etimad və əməkdaşlıqdan asılıdır.
Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə artıq son qoyulmalıdır və bu prosesin rəsmi şəkildə başa çatması vacibdir. Ermənistanın xarici işlər naziri Mirzoyanın bəzi məsələlər barədə danışmaması isə Ermənistanın hələ də müəyyən mövqelərdə qeyri-müəyyənlik nümayiş etdirdiyini göstərir.
Baxmayaraq ki, 2020-ci ildə müharibə başa çatıb. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsinin bərpası məsələsi xüsusi önəm daşıyır. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Ermənistan ərazisi yerləşir və bu ərazidən keçən birbaşa və açıq yol mütləq şəkildə təmin olunmalıdır. Bu, regionun inkişafı və inteqrasiyası üçün vacib şərtdir. Sülhün davamlı olması üçün Ermənistan bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli və öhdəliklərinə uyğun olaraq davranmalıdır”, - nazir vurğulayıb.