BAKI, 14 aprel. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə və İsraillə bağlı böyük oyunu pozdu.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun müəllifi olduğu “Həftə” analitik-informasiya proqramının aprelin 13-də efirə gedən buraxılışında bildirilib.

Prosesləri şərh edən siyasi icmalçı söyləyib ki, son zamanlar Yaxın Şərq hadisələri ilə bağlı Türkiyə və İsrail arasında yaranmış gərginlik bəzi dairələri məmnun edirdi:

“Onlar gərginliyin daha da böyüyəcəyini, hətta müharibə səviyyəsinə çatacağını gözləyirdilər. Lakin ABŞ prezidenti tərəflər arasında danışıqların aparılmasına dəstək verməklə həmin dairələrin planlarını faktiki yarımçıq qoydu. Və Prezident İlham Əliyevin forumdakı çıxışından aydın oldu ki, Azərbaycan da artıq 2-ci dəfə Türkiyə və İsrail dialoqunda vasitəçi funksiyasını üzərinə götürüb. Başqa sözlə, bir zaman Rusiya ilə Türkiyə arasında gərginliyin danışıqlar yolu ilə həllində mühüm rol oynayan Azərbaycan, konkret Prezident İlham Əliyev bu dəfə Türkiyə və İsrail arasında gərginliyin aradan qaldırılmasında mühüm missiyanı uğurla yerinə yetirdi. Belə ki, artıq ilkin nəticələr də var və məhz buna görə də İsrailin Baş naziri Benyamin Netanyahu ölkəmizdə Türkiyə tərəfi ilə birbaşa danışıqların təşkilinə yaradılan şəraitə görə dövlət başçımıza minnətdarlıq bildirdi.

Bəli, neçə illərdir ki, “barıt çəlləyi”nə çevrilən Yaxın Şərq heç bir şəkildə ölüm, dağıntı, terror, müharibə mərhələsini geridə buraxaraq sabitlik dövrünə qədəm qoya bilmir. Qəzzada baş verənlər sözün əsl mənasında, “insanlıq dramıdır” və riyakar Qərb bu problemin real həlli üçün addımlar atmır. Ancaq indi müəyyən ümidlər yaranır ki, bu bölgədə proqressiv dəyişikliklər olacaq. Azərbaycanın da bu müsbət auranın yaradılmasına verdiyi dəstək ölkəmizin növbəti humanist təşəbbüsü və beynəlxalq sülhə töhfəsidir”.

AzTV sədri bildirib ki, Azərbaycan beynəlxalq və qlobal təşəbbüslərlə çıxış edir:

“Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycanın beynəlxalq proseslərdə aktiv iştirakı, rəsmi Bakının Mərkəzi Asiya və Yaxın Şərqdə cərəyan edən proseslərdə fəal rolu göz önündədir. Yəni Azərbaycan faktiki danışıqlar, müzakirələr arealına çevrilib, qlobal səviyyəli məsələlərin açıq müzakirə olunduğu mühüm platforma rolunu oynayır. Və bunu yalnız ölkəmizdə təşkil olunan çoxsaylı regional və qlobal tədbirlərə görə demirik. Bunu ilk növbədə konkret faktlara əsasən deyirik. Həmin faktlar sırasında Azərbaycanın İsrail və Türkiyə arasında vasitəçilik missiyası, Suriya ilə qonşuları arasında münasibətlərin tənzimlənməsi prosesində yaxından iştirakı, pandemiya ilə mübarizədə məhz ölkəmizin çağırışları və konkret addımları ilə reallaşan qlobal dəstək və həmrəylik təşəbbüsləri durur, eləcə də Qoşulmama Hərəkatına sədrliyimiz dövründə rəsmi Bakının məhz ədalətin, obyektivliyin təmin olunmasında nümayiş etdirdiyi prinsipiallıq və əldə etdiyi konkret nəticələri, yaxud Afrika ölkələri ilə yaxın təmaslar və s. kimi mühüm əsaslar var. Heç şübhəsiz ki, həmin əsaslar da ilk növbədə Azərbaycanın dünya ölkələri ilə qurduğu ikitərəfli və çoxtərəfli siyasi-iqtisadi münasibətlərə, daha sonra isə ölkəmizin əlverişli coğrafi mövqeyinə söykənir. Və bütün bunlar da Azərbaycana imkan verir ki, hazırda 3 bölgə - Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin bir hissəsi kimi çıxış etsin, sözügedən coğrafiyada gedən proseslərlə bağlı konstruktiv təşəbbüslər irəli sürsün, mühüm platformaya çevrilsin”.