BAKI, 12 aprel. TELEQRAF

12 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.

XİN-dən Teleqraf-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Venesuela arasında mövcud əməkdaşlıq gündəliyinin müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi istiqamətləri üzrə irəlilədilmə imkanları, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq fəaliyyəti, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Venesuela arasında münasibətləri xarakterizə edən möhkəmlənən siyasi əlaqələri və qarşılıqlı hörməti bir daha təsdiqləyiblər. Davamlı siyasi dialoq və yüksək səviyyəli səfərlərin mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Nazirlər müxtəlif sahələrdə, xüsusən də iqtisadi və enerji, turizm sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin elm və mədəniyyət sahələrində potensial təşəbbüsləri, o cümlədən akademik və peşəkar mübadilə proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, çoxtərəfli platformalarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
16:48

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Gillə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.

“Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin vəziyyəti müzakirə edilib”, - paylaşımda deyilir.