BAKI, 13 aprel. TELEQRAF

Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması vacibdir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ermənistan artıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü daxilində olduğunu qəbul edib və bu halda Minsk Qrupunun saxlanılması cəhdləri ciddi suallar doğurur:

“Biz bu qrupun buraxılmasını tələb edirik və bu istiqamətdə gözləntilərimiz var. İndi təşəbbüs Ermənistan tərəfindədir”.

Ceyhun Bayramov həmçinin Qərb ölkələrinin, xüsusilə də Fransanın Azərbaycana qarşı ikili standartlar tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, uzun illər Ermənistanın işğalçı siyasətinə göz yuman bu ölkələr, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə görə təzyiq göstərməyə çalışırlar.

Nazir qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqı çərçivəsində təzyiqlərlə qarşılaşıb, lakin bunlar uğursuzluğa düçar olub.

“Türkiyə başda olmaqla dost və müttəfiq ölkələrin dəstəyi ilə Qərbin planları puça çıxdı”, – nazir bildirib.