
BAKI, 14 aprel. TELEQRAF
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla aprelin 12-də Antalyada (Türkiyə) baş tutan görüşüm sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra ilk görüş idi".
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ölkələr arasında bütün mümkün məsələləri dərhal həll edəcək elə bir razılaşma yoxdur və ola da bilməz. Sülh sazişinin imzalanması, ratifikasiyası və qüvvəyə minməsi ümumi nizamlanma və ikitərəfli münasibətlərin qurulması üçün yalnız başlanğıc nöqtəsi olacaq. Problemlər olacaq. Bütün həll yollarının tapılması üçün müəyyən müddət birgə iş lazımdır”, - nazir qeyd edib.
İmzalanmaya mane olan məsələlərdən danışan Mirzoyan diqqəti Azərbaycanın iki əsas tələbinə yönəldib: ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasına düzəlişlər:
“Sülh müqaviləsi imzalanandan sonra Minsk qrupunun mövcudluğuna olan ehtiyac təbii olaraq aradan qalxacaq və Ermənistan Azərbaycanla birlikdə onun fəaliyyətini dayandırmağa təşəbbüs göstərməyə hazırdır.
Konstitusiya məsələsinə gəlincə, konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiaları yoxdur”.
Mirzoyanın iddiasına görə, sazişin imzalanması bu məsələni (konstitusiya) həll edəcək.
“Çox yaxın vaxtlarda sazişi imzalamağa hazırıq”, - Ermənistan xarici işlər naziri əlavə edib.
Mirzoyan söyləyib ki, müsbət həllər tapılana qədər danışıqlar davam etdirilməlidir.
Xatırladaq ki, Ararat Mirzoyanın iddiasının əksinə olaraq, Ermənistan konstitsuiyasında istinad edilən “Müstəqillik Bəyannaməsi”ndə Azərbaycanla yanaşı, Türkiyəyə də qarşı ərazi iddiası irəli sürülür. Həmin bənddə Qarabağın Ermənistana “ilhaq”ından bəhs olunursa, Türkiyənin cənub-şərq əraziləri “Qərbi Ermənistan” adlandırlır. Rəsmi Bakı dəfələrlə bu məsələnin sülh sazişinin imzalanmasına mane olan əsas faktor olduğunu bəyan edərək, bu yanlışın düzəldilməsini tələb edib.