
BAKI, 14 mart. TELEQRAF
"Ötənilki Avropa çempionatının da qalibi olmuşdum. Titulumu qorumaq üçün əlimdən gələni edəcəkdim və etdim də. Sevinirəm ki, istədiyim nəticəni əldə edə və titulumu özümdə saxlaya bildim".
Teleqraf xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq aeroportunda jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavadakı Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Nihat Məmmədli jurnalistlərə açıqlamasında deyib.
60 kq çəki dərəcəsində qızıl medal qazanan 23 yaşlı pəhləvan ən çətin görüşünün 1/8 finalda litvalı Yustas Petraviçyusla qarşılaşmaya təsadüf etdiyini söyləyib.
Məmmədli qarşıdakı hədəfinin dünya çempionu titulunu qorumaqdan ibarət olduğunu diqqətə çatdırıb: "Yarışa komanda şəklində yaxşı hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Hələ yarışa yollanmamışdan özümü buna kökləmişdim. Ötən il qazandığım Avropa və dünya çempionluqlarını bu il də təkrarlamağı qarşıma məqsəd qoymuşam. Artıq ikiqat Avropa çempionluğu istəyimə çatmışam. Qalıb dünya çempionluğu. Onun üçün də əlimdən gələni edəcəyəm.Dünya çempionatına 5 ayadək vaxt var. Bəzi səbəblərə görə bir az ara verəcəyəm və sonra yenidən məşqlərimi bərpa edəcəyəm. Hazırda ciddi zədəm yoxdur, hər şey qaydasındadır".
O, çempionluğu Azərbaycan xalqına həsr etdiyini vurğulayıb: "Çempionluğu xalqıma, bizi sevən, bizə dəstək verən, bizim üçün dua edən hər kəsə həsr edirəm. Hamıya cavab yaza bilməsək də, sosial şəbəkədə bütün şərhləri oxuyuruq. Çox gözəl dualar edirlər, sevinirlər. Bütün bunlar bizdə xoş təəssüratlar yaradır".