BAKI, 14 aprel. TELEQRAF.

"İdmançılarımız yüksək səviyyə nümayiş etdirdilər və Avropa çempionatında komanda hesabında birinci yeri tutdular".

Teleqraf xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov Heydər Əliyev Beynəlxalq aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rusiyalı mütəxəssis əldə edilən nailiyyətə görə məmnunluğunu bildirib: "İlk növbədə, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə bizim üçün yaratdıqları şəraitə görə təşəkkürümü bildirmək istərdim. Beynəlxalq təlim-məşq toplanışları, turnirlərə müntəzəm qatılmağımıza göstərilən köməyin nəticəsində belə yüksək nailiyyətə imza atdıq. Məşqçilər heyəti və idmançılarımız yüksək nəticə üçün enerjilərini sərf etdilər. Mən güləşçilərimizin nəticələrindən çox şadam və onlara "afərin" deyirəm. İstərdim ki, belə də davam etsinlər".

Tarakanov bundan sonra bütün hazırlıqlarının dünya çempionatına və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına yönələcəyini bildirib: "Hazırlıqlarımızın əsasında 2028-ci il olimpiadası durur. Komandamız çox gəncdir, 23 yaşın altındadır. U-23 Avropa çempionatına əsas heyəti buraxmamışdıq. Onlar böyüklər arasında Avropa çempionatında yaxşı formada olduqlarını göstərdilər. Perspektivlidirlər, olimpiadada uğurla çıxış edə bilərlər. Bu səbəbdən, məşqçilər heyəti olaraq, onları dəstəkləyirik. Arxamızda federasiya durub və bizə bütün şəraiti yaradır. Çox şadam ki, ölkə və federasiya rəhbərliyinin tandemi bugünkü nailiyyətlərin əldə olunmasına gətirib çıxarır. Uşaqlar göstərilən dəstəyi, bütün ölkənin onlardan ötrü həyəcan keçirdiyini hiss edir, görürlər. Çünki güləş Azərbaycanın milli idman növüdür. Güləş - Azərbaycanın simasıdır. Çalışacağıq ki, daha yaxşı nəticələr göstərək".