
BAKI, 14 aprel. TELEQRAF
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan hazırki Baş nazir Nikol Paşinyandan sonrakı hakimiyyət barədə danışıb.
Teleqraf xəbər verir ki, Sarkisyan sədri olduğu Respublika Partiyasının 35 illik yubiley sessiyasında deyib, "hakimiyyət dəyişikliyindən sonra ən azı üç prioritet məsələ həll edilməlidir".
Bunlardan birincisi "ölkə daxilində həmrəylik mühitinin yaradılması"dır.
Sarkisyan eyni zamanda ordunun döyüş qabiliyyətinin artırılmasinın vacib olduğunu söyləyib: "İkincisi, XXI əsrin çağırışlarına uyğun olaraq, silahlı qüvvələrimizin döyüş qabiliyyətinin bərpasıdır. Qoşunların və silahların səriştəli idarə olunması, əsgərlərin yüksək döyüş ruhunun bərpası, qoşunların hərtərəfli təminatının təşkili, ordunun yüksək səviyyəli peşəkar hərbi kadrlarla doldurulması və bir sıra digər məsələlərin həlli baxımından bu, kifayət qədər realdır".
O bildirib ki, üçüncü əsas məsələ "yüksək keyfiyyətli peşəkar diplomatik korpusun formalaşdırılması" və Ermənistanın müttəfiqləri ilə əlaqələrin bərpasıdır.
Sarkisyan eyni zamanda bədnam "Artsax" məsələsini də unutmayıb. O deyib: "Bu məsələsinin beynəlmiləlləşdirilməsi üçün hüquqi, siyasi və humanitar komponentləri, o cümlədən "Artsax" ermənilərinin hüquqlarının müdafiəsi və onların öz vətənlərinə qayıtması üçün beynəlxalq gündəliyə malik olan yeni strategiya lazımdır".