BAKI, 15 aprel. TELEQRAF

14 aprel 2025-ci ildə BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası işə başlayıb.

BMT Baş Assambleyasının 2 avqust 2021-ci il tarixli qətnaməsi ilə yaradılmış Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görür.

Teleqraf xəbər verir ki, beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparan, müstəmləkəçiliyin iyrənc fəsadlarını beynəlxalq müstəvidə ifşa edən Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilmişdir.

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov, rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırlatmışdır.

A.Abbasov adıçəkilən ərazilərin üzləşdiyi problemlərin daha təfsilatlı müzakirəsi üçün Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də “Dekolonizasiya: Sakit inqilab” konfransın təşkil ediləcəyini və bu xüsusda iştirakçı dövlətləri sözügedən tədbirə dəvət etmişdir.

BTQ-nin xətti ilə Forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də öz növbələrində çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınamış, ölkələrinin tezliklə müstəqil olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulamışlar.

Tədbirdə həmçinin BTQ-nin sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabat Sessiyanın iştirakçılarına təqdim olunmuşdur.