BAKI, 14 aprel. TELEQRAF

Rusiya vətəndaşı saxta sənədlərlə Azərbaycana 13 milyon rubldan çox dəyərində ağac ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə Perm Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gömrükçülər və Daxili İşlər Nazirliyinin Perm vilayəti üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Rusiya vətəndaşının Azərbaycana strateji əhəmiyyətli mallar, yəni 1500 kubmetr iynəyarpaqlı ağac ixrac etməsini müəyyən edib.

Xəbərdə bildirilir: “Gömrükçülər əməliyyat-axtarış tədbirləri zamanı mal bəyannamələrinin bilərəkdən yalan məlumatla təqdim edildiyini müəyyən ediblər”.

Adı açıqlanmayan həmin şəxsə qarşı 6 ittiham üzrə cinayət işi açılıb. Qaçaqmalçılıqda təqsirli bilinənləri 5 ilə qədər həbs və ya 1 milyon rubla qədər cərimə gözləyir.