BAKI, 3 mart. TELEQRAF

"Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi barədə danışıb. O deyib ki, "həm Xarici İşlər Nazirliyi, həm də mən Bakıda baş verənləri aydın şəkildə qiymətləndirən müvafiq açıqlamalar vermişik. Bu istiqamətdə fəal diplomatik iş aparılır".

Teleqraf xəbər verir ki, Bakı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev açıqlama verib.

Paşinyan bildirib ki, əvvəllər vəziyyəti təhlükəyə atmamaq üçün məsələ ilə bağlı hər hansı ictimai açıqlamadan çəkinib, lakin indi "işgəncə və təzyiqlərə" görə fikrini bildirir.

Paşinyanın münasibətindəki bu dəyişikliyin səbəbi məhkəməsi keçirilən ermənilərdən bir neçəsinin dinc əhaliyə hücum qərarının - məsələn, İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin bombalanması qərarının Qarabağdakı yerli ermənilər tərəfindən deyil, İrəvanda verildiyinə dair sübutlar təqdimat etməsi ilə bağlıdır, baxmayaraq ki, bəziləri bununla öyünürdülər.

Çoxsaylı sübutlar, o cümlədən, İrəvandakı əsgər qəbiristanlıqlarından aydın olur ki, Ermənistan Respublikasının ordusu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində döyüşürdü. Yəni bütün hərbi əmrlər İrəvandan verilib və Paşinyan baş komandan olaraq bir çox mühüm qərarları təsdiqləyib.

Beləliklə, bütün bunlar orduya rəhbərlik edən şəxslər daxil olmaqla, müharibə cinayətlərinə və digər qanunsuz hərəkətlərə görə Ermənistanın dövlət məsuliyyəti məsələsini gündəmə gətirir.

Ermənistan hökumətinin Qərb siyasətçiləri və mediası vasitəsilə Azərbaycana müdaxilə etmək və təzyiq göstərmək qərarına gəlməsinin əsas səbəbi budur".