BAKI, 27 fevral. TELEQRAF

"Sabah ilk heyətimiz Azərbaycana polis və hərbi məktəblərdə təlim üçün gələcək".

Teleqraf xəbər verir ki, bunu Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib:

"Bu gün burada - Bakıda olmaqdan və münasibətlərimizə yenidən nəzər salmaqdan məmnunam. Çünki xatirimdədir ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Sabah ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün biz bu əlaqələri yeniləmək üçün buradayıq.

Əməkdaşlıq üçün sahə çoxdur - səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq.

Cənab Prezident, Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük.

Təkbətək görüşdə biz beynəlxalq münasibətlərə aid çox məsələləri müzakirə etdik və bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik".