BAKI, 27 fevral. TELEQRAF

İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə ittifaqının effektivliyini sübut etdi. Nəticə etibarilə, bu Mərkəzi Asiya ölkələri üçün də model oldu.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Belqradda keçirilən “Cənubi Qafqaz: Əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Qazaxıstan və Özbəkistan Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələrini genişəndirməyə başladılar.

“Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr ortaq irsə malikdirlər, lakin təşkilatın fəaliyyəti heç bir ölkəyə və ya geosiyasi aktora qarşı yönəlməyib. Əksinə, bu təşkilata üzv ölkələr mühüm geoiqtisadi layihələrin reallaşdırılmasına töhfələr verir və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdırlar”.

F.Şəfiyev, həmçinin cari geosiyasi proseslər fonunda Orta Dəhlizin artan aktuallığına və əhəmiyyətinə, həmçinin Bakı-Tbilisi Qars dəmiryolunun inşasına, bir zamanlar skeptik yanaşılan TANAP, TAP layihələrinin Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkib.