BAKI, 27 fevral. TELEQRAF

Təəssüf ki, Azərbaycanla Ermənistan arasında baş verən münaqişəyə dünya ölkələri fərqli aspektdən yanaşıblar. Lakin Ukraynada baş verən hadisələr Avropaya bir daha ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin nə dərəcədə böyük olduğunu göstərdi.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Belqradda keçirilən “Cənubi Qafqaz: Əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda dəyirmi masada bildirib.

Transatlantik məkanda baş verən tranformasiyalara, yəni ABŞ-nin avropalı tərəfdaşlarına dəstəyinin mümkün azaldılması və dayandırılmasına toxunan F.Şəfiyev bu prosesin Qara dəniz və Cənubi Qafqaza regionlarına təsirsiz ötüşməyəcəyini qeyd etdi.

BMTM sədrinin sözlərinə görə, İkinci Qarabağ müharibəsi mühüm geosiyasi nəticələrə səbəb olmaqla, ilk növbədə, beynəlxalq hüququn universal prinsiplərinin əhəmiyyətini sübut etmiş oldu.

“Geosiyasi baxımdan bu müharibə regiondakı dinamikanı dəyişmiş oldu. Sovet İttifaqı dağıldıqdan sonra bu region Rusiya tərəfindən idarə olunan keçmiş sovet məkanı kimi qəbul edilirdi. İkinci Qarabağ müharibəsindən sonra isə bu mənzərə dəyişdi və Türkiyənin bölgədəki rolu daha da artdı”,- BMTM sədri əlavə etdi.