BAKI, 26 fevral. TELEQRAF

Azərbaycanın ABŞ-dəki səfirliyi və Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə ABŞ-nin yerli ictimaiyyəti və azərbaycanlı icmasının üzvləri, bu ölkədə təhsil alan xarici və azərbaycanlı tələbələr, o cümlədən ABŞ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri iştirak ediblər.

Anım tədbiri Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqini söyləyən Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Humay Sadiq ailəsinin məcburi köçkün olduğu zaman yaşadığı çətinliklərdən danışıb. O, Xocalı soyqırımı zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyərək, sülh və əmin-amanlıq dolu bir gələcəyə ümidini ifadə edib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Xocalı soyqırımı qurbanlarının etnik və dini mənsubiyyətlərinə görə həyatlarını itirdiklərini, bu faciənin azərbaycanlıların Qarabağ regionundan tamamilə çıxarılması məqsədilə törədildiyini qeyd edib. Səfir bildirib ki, Xocalı qurbanlarının əziz xatirəsini yad etmək hər kəsin borcudur, lakin bu, kifayət deyil. O, davamlı olaraq Xocalı soyqırımını inkar edənlərə müqavimət göstərməli olduğumuzu vurğulayıb. Səfir, həmçinin Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, eləcə də öz torpaqlarını işğaldan azad etdiyini bildirib.

Corc Vaşinqton Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Gülnur Ağakişiyeva tədbir iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verib, azərbaycanlı gənclərin bu hadisəni heç bir zaman unutmayacağını söyləyib.

Tədbirdə daha sonra Xocalı soyqırımından bəhs edən maarifləndirici videoçarx nümayiş edilib.

Daha sonra amerikalı kamança ustası, Amerikanın Muğam Cəmiyyətinin sədri Cefri Verbok Xocalı soyqırımının Azərbaycan tarixi üçün əhəmiyyətindən bəhs edib. Verbok Azərbaycanın Qarabağ regionunun artıq azad olduğunu, bunun ölkəmizin rəhbərliyi və Azərbaycan xalqı hesabına əldə edildiyini vurğulayıb.

Daha sonra, Verbok kamançada Azərbaycan muğam sənətindən nümunələr ifa edib.

Tədbirin sonunda Xocalı soyqırımının qurbanları üçün ehsan verilib. Xocalı soyqırımına həsr olunmuş stenddə faciəyə dair ABŞ mediasında yer almış məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotolar nümayiş olunub.