
BAKI, 26 fevral. TELEQRAF
25 fevral tarixində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın Kubadakı Səfirliyində anım tədbiri keçirilib.
Teleqraf Azərbaycanın Kubadakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə Havanada akkreditasiya olunan diplomatik korpusun və yerli ictimaiyyətinin nümayəndələrinin iştirak ediblər.
Səfir Ruslan Rzayev çıxış edərək Azərbaycan xalqının 90-cı illərin əvvəllərində müstəqilliyə qədəm qoyduğu ilk vaxtlarda üzləşdiyi faciələr və çətinliklər haqqında danışıb. Səfir 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda dinc və mülki əhaliyə qarşı həyata keçirdiyi soyqırım barədə məlumat verib.
R.Rzayev Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin yalnız Xocalıda deyil, Azərbaycan xalqının məskunlaşdığı bütün Qarabağ ərazisində aparıldığını, xalqımızın 30 ilə yaxın bir müddətə öz tarixi torpaqlarından zorla didərgin salındığını söyləyib. Səfir Xocalı soyqırımı, eləcə də Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər, insan hüquqları və beynəlxalq humanitar hüququn kobud formada pozulması kimi faktları diqqətə çatdırıb.
R.Rzayev bu dəhşətli faciə zamanı uşaqlar, qadın və yaşlılar da daxil olmaqla 613 günahsız mülki şəxsin bir gecədə qəddarcasına Ermənistan hərbçiləri tərəfindən qətlə yetirildiyini bildirib. Səfir Xocalı soyqırımının Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qaldığını, eyni zamanda bütün insanlıq tarixinin ən qanlı cinayətlərindən biri olduğunu vurğulayıb.
R.Rzayev daha sonra 44 günlük Vətən müharibəsi və lokal xarakterli anti-terror əməliyyatlarından danışıb. O, Ermənistanın 30 illik işğalına son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünü və öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini söyləyib. O, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin sürətlə davam etdirildiyini, Xocalı sakinlərinin, eləcə də Ermənistan işğalından azad olunmuş digər rayon sakinlərinin artıq öz evlərinə geri dönməyə başladığını bildirib.
Sonra tədbirdə Azərbaycanda təhsil almış kubalı Elio Qamez və professor Rafael Tenreyro çıxış edərək mehriban və qonaqpərvər Azərbaycan xalqına öz başsağlığı diləklərini çatdırıblar. R.Tenreyero Xocalıda mülkü əhaliyə qarşı törədilmiş amansız qətliamın Azərbaycanda təhsil alan Kubalıları dərindən sarsıtdığını söyləyib. O, Xocalı və Qarabağ haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Azərbaycanın bu gün tarixi ədaləti bərpa etdiyini, öz torpaqlarını işğaldan azad etdiyini və Qarabağın dirçəldilməsi istiqamətində əməli işlər gördüyünü vurğulayıb.
Tədbir zamanı eyni zamanda “Xocalı, uşaqların gözü ilə” sərgisi nümayiş olunub.
Sonda Xocalı soyqırımına həsr olunmuş video göstərilib.