TBİLİSİ, 26 fevral. TELEQRAF

“Hər il xalqımız Xocalı soyqırımının ildönümünü böyük kədər və qüssə ilə qeyd edir. Lakin son iki ildir faciə fərqli şəkildə anılır. Artıq işğal altında olan torpaqlarımız azadlığa qovuşub və Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb və onların qanları yerdə qalmayıb. Biz qürurumuzu və ədaləti bərpa etmişik”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində çıxışında deyib.

Səfirin sözlərinə görə, 33 il ötməsinə baxmayaraq, faciənin acı nəticələri unudulmamlı və gələcək nəsillər Xocalıda törədilmiş insanlığa sığmayan qəddarlıqlar barədə məlumatlandırılmalıdır.

F.Quliyev Xocalıda törədilmiş kütləvi qırğın haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi rolunu qeyd edib. O bildirib ki, təşkilatın gərgin fəaliyyəti nəticəsində insanlığa sığmayan faciə barədə dolğun məlumatlandırılma kampaniyaları həyata keçirilib.

Diplomat Gürcüstandakı soydaşlarımızın Xocalı faciəsinə həsr etdikləri layihələr və tədbirlərin də vacibliyini vurğulayıb.

Səfirin sözlərinə görə, Xocalı faciəsi qəddarlığına görə yalnız Azərbaycan xalqının deyil, dost xalqların da yaddaşına əbədi həkk olunub.

Qeyd edək ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində baş tutub. Mərasimdə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı icmanın üzvləri, Marneuli meri Kənan Ömərov, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Hacı Faiq Nəbiyev, gürcü ekspertlər, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.