BAKI, 20 oktyabr. TELEQRAF
Bakıda 13 il əvvəl Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Əli-zadənin məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrlik etdiyi prosesdə Xəyal Əli-zadəyə ifadə vermək təklif edilib. O, hazırda ifadə vermək istəmədiyini, şahidlər dindiriləndən sonra danışacağını bildirib.
Daha sonra tərəflər şahidlərin dindirilməsini təklif ediblər. Hakimlər heyəti təkliflə razılaşıb.
Şahid Pəri Qasımova ifadəsində bildirib ki, təqsirləndiriləni əvvəlcədən tanımayıb: "Hadisə yerinə yaxın qaraj var, orada oturmuşdum. Əvvəlcə bir oğlan, onun arxasınca səliqəsiz geyimli biri gəldi. Yaxınlaşaraq oğlanın damarını kəsdi. Biz uşağın yanına qaçdıq, ona kömək etmək istədik, başına toplaşdıq. Amma kömək edə bilmədik. Qətli törədən şəxs bu gün də yadımdadır.
Bundan əvvəl qətli törədən şəxslərin məhkəməsində də olmuşam. Qətli törədən onlar deyildi, qara, balacaboy, qıvrımsaç biri idi. Hadisədən 13 il keçib, amma qətli tərədən bu gün də gözümün qabağındadır. Hər dəfə oradan keçəndə hadisə gözümün qabağına gəlir. Mən məhkəmədə də dedim ki, qətli törədənlər bunlar deyil. Qatil səliqəsiz biri idi, məhkumluq həyatı yaşamış şəxsə oxşayırdı. O, hadisəni törədəndən sonra asta addımlarla, bıçağın qanını qoluna silə-silə getdi".
Şahid deyib ki, qətlə yetirilən şəxs ətrafdan imdad diləyib: "Qışqırırdı, "məni ölməyə qoymayın" deyirdi. Mən qan verməyə hazır idim. Dedilər ki, artıq ölüb".
Növbəti proses noyabrın 24-də davam edəcək.
İttihama görə, 2 may 2013-cü il günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 3B ünvanındakı evin qarşısında Vüsal Şilderə yaxınlaşan Elman İsgəndərov ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib.
İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu qətlin digər iştirakçısı Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib.
Məlum olub ki, İsgəndərov və Talıbov qətlin icraçılarıdır. Qətli törətmək üçün onlara sifarişi Xəyal Əli-zadə verib. Hadisənin qısqanclıq zəminində baş verdiyi üzə çıxıb. Böyük səs-küy doğuran qətl hadisəsi ilə bağlı aşkarlanan detallardan biri də odur ki, Vüsal Xəyalın həyat yoldaşının kiçik bacısı ilə eşq yaşayıb. Xəyal arvadının bacısı ilə münasibətdə olan Vüsala hədə-qorxu gəlib, amma hədələrin əhəmiyyəti olmayıb.
Vüsal Şilderə dəfələrlə xəbərdarlıq edərək qızla əlaqəni kəsməyi, onunla görüşməməyi, məktublaşmamağı, zəngləşməməyi tələb edib. Bu hədə-qorxu və xəbərdarlıqların heç bir faydası olmayıb. Belədə eşq hekayəsini silah gücünə bitirməyə qərar verilib. Vüsal Şilder hədə-qorxu mesajlarıdan bir neçə ay sonra qətlə yetirilib.
İstintaq sənədlərinə görə, Xəyal Seymur Talıbova bu qətli törətmək üçün 10 min manat vəd edib və qətli icra edən şəxs tapmasını istəyib. Seymur da bu işi görmək üçün əvvəllər məhkum olunmuş Elman İsgəndərovu tapıb.
Cinayəti həyata keçirmək üçün Elmanı Siyəzən rayonundan Bakı şəhərinə gətiriblər. Bakıda qalması üçün əvvəlcə ona 100, daha sonra isə 50 manat veriblər. Həmçinin Elmana bu əmələ görə məhkum olunmayacağı vəd olunub.
Daha sonra Vüsal Şilderin hərəkəti izlənilib. Onun universitetindən çıxandan evinə qədər arxasınca gediblər. Vüsalı evdən çıxanda qətlə yetirmək cəhdi baş tutmayıb. Ərazidə çoxsaylı insan olduğu üçün qətlin icrası təxirə salınıb. Mayın 2-də Vüsal universitetindən çıxanda yenidən izlənilib və evinin yaxınlığında Elman İsgəndərov onu bıçaqlayaraq qətlə yetirib.
Seymur Talıbov Xəyaldan aldığı puldan 1000 manatı Elman İsgəndərova verib.
Qeyd edək ki, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf öldürülüb.
Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1,120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinən Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il maddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əli-zadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.
Xəyal Əli-zadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əli-zadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.
Ötən müddət ərzində Xəyal Əli-zadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və Azərbaycana ekstradisiya edilib.
Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əli-zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Adolf əslən azərbaycanlıdır.
Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, qətlə yetirilən zaman Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Vüsal Şilderi övladlığa götürən Adolf Şilder “Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəridir.