BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycanın müasir tarixində elə qələbələr var ki, onlar milli iradəmizin, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz birliyinin təcəssümünə çevrilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin mühüm səhifələrindən biri də 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsidir. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpasına deyil, doğma yurda qayıdışın və böyük quruculuğun başlanmasına yol açdı.

Bunu Teleqraf-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, 20 Oktyabr - Zəngilan Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, tarixi ədalətin təntənəsini və azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasını simvolizə edir:

"Zəngilan qədim tarixi, zəngin təbiəti və strateji mövqeyi ilə seçilən Azərbaycan torpağıdır. XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsi bölgənin inzibati-siyasi xəritəsini dəyişdirdi. Tarixi Zəngəzur bölgəsində sonrakı dövrlərdə baş verən ərazi dəyişiklikləri Azərbaycanın tarixi-coğrafi bütövlüyünə ciddi təsir göstərdi.

1930-cu ildə rayon kimi təşkil edilən Zəngilan Azərbaycanın cənub-qərbində, Araz çayı boyunca yerləşir. Araz, Həkəri və Bəsitçay çayları, nadir çinar meşələri, münbit torpaqları və tarixi abidələri rayonun təbii-mədəni zənginliyini müəyyənləşdirir. Məmmədbəyli türbəsi, Şərifan sərdabələri və Bartaz qız qalası bu diyarın qədim keçmişinin mühüm yadigarlarıdır.

1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan ağır dağıntılara, ekoloji zərərə və mədəni irsin talanına məruz qaldı. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış məntəqələri və sosial infrastruktur dağıdıldı. Bununla belə, zəngilanlıların doğma torpağa qayıdış ümidi və Azərbaycanın ərazi bütövlüyünün bərpasına inamı sarsılmadı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi ədalətin bərpasını sürətləndirdi. Oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi Azərbaycan Ordusunun mühüm hərbi uğurlarından biri oldu. Oktyabrın 22-də Ağbənd qəsəbəsinin azad edilməsi ilə dövlət sərhədimizin İranla olan hissəsində nəzarət tam bərpa edildi. Həmin qələbələr Azərbaycanın suverenliyinin təmin olunmasında və regionun gələcək inkişafında həlledici rol oynadı.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Zəngilanda Dövlət Bayrağını ucaltması dövlət hakimiyyətimizin bu torpaqlarda bərpasının rəmzinə çevrildi. 2023-cü il iyulun 31-də imzalanmış Sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Bu gün Zəngilan azadlığın quruculuqla tamamlandığı bir diyardır. Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sakinlərin doğma yurdlarına qayıdışı təmin edilir. 2022-ci ildə Ağalı kəndində başlanan məskunlaşma bu prosesin ilk mühüm mərhələsi oldu. “Ağıllı kənd” layihəsi müasir yaşayış şəraitini, rəqəmsal həlləri, alternativ enerjini və innovativ kənd təsərrüfatını bir araya gətirir.

Zəngilan şəhərində və rayonun digər yaşayış məntəqələrində aparılan tikinti-bərpa işləri yeni inkişaf modelinin əsasını qoyur. Yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, mühəndis-kommunikasiya şəbəkələri yaradılır. Su elektrik stansiyalarının fəaliyyəti isə regionun enerji potensialını gücləndirir və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verir".

Siyavuş Novruzovun sözlərinə görə, Zəngilanın strateji coğrafi mövqeyi onu beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmək üçün geniş imkanlar açır:

"2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu istiqamətdə mühüm addım oldu. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Horadiz-Ağbənd dəmir yolu layihələri regionun nəqliyyat əlaqələrini gücləndirir, ticarət və tranzit imkanlarını genişləndirir.

Dirçəliş prosesi milli-mənəvi irsin bərpasını da əhatə edir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Zəngilan şəhər məscidinin bərpası tarixi və dini irsimizin qorunmasına verilən dəyərin göstəricisidir. Rayonun zəngin təbiəti və tarixi abidələri turizmin inkişafı üçün də geniş perspektivlər yaradır. “Dost Aqropark” layihəsi isə müasir kənd təsərrüfatının inkişafına, istehsalın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Prezident İlham Əliyevin Zəngilana səfərləri, layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı, bərpa işlərinə göstərdiyi diqqət bu prosesin ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu təsdiqləyir. Məqsəd yalnız dağıdılmış əraziləri yenidən qurmaq deyil, sakinlər üçün təhlükəsiz, rahat və firavan həyat şəraiti yaratmaqdır. Doğma yurda qayıdan ailələrin mənzil, təhsil, səhiyyə və məşğulluq imkanlarının genişləndirilməsi Böyük Qayıdışın əsas hədəflərindəndir.

Zəngilanın hekayəsi işğaldan azadlıq, azadlıqdan dirçəlişə uzanan qürurverici bir yoldur. Bu gün qədim diyarımızda ucalan yeni binalar, salınan yollar və doğma evlərinə qayıdan insanlar Azərbaycanın sarsılmaz iradəsinin canlı ifadəsidir. 20 Oktyabr - Zəngilan Şəhəri Günü şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, xalqımızın birliyinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasətinin təntənəsidir.

Zəngilan yenidən doğulur, dirçəlir və Azərbaycanın gələcəyinə inamla addımlayır".

Milli Məclisin deputatı Vasif Qafarov isə bildirib ki, 20 oktyabr Zəngilan şəhərinin işğaldan azad edilməsinin ildönümü, Azərbaycanın ərazi bütövlüyünün bərpası və azad edilmiş torpaqlarda yeni həyatın başlanmasının rəmzidir:

"Bu əlamətdar gün həm xalqımızın qəhrəmanlıq tarixini, həm də dövlətimizin işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasəti təcəssüm etdirir.

Zəngilan Azərbaycanın zəngin tarixi, əlverişli coğrafi mövqeyi və iqtisadi potensialı ilə seçilən rayonlarından biridir. Araz çayı boyunca İranla, qərbdən Ermənistanla həmsərhəd olan rayon təbii sərvətləri, meşələri, çayları və münbit torpaqları ilə mühüm strateji əhəmiyyət daşıyır. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati ərazi dəyişiklikləri nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilmişdi. 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonrakı proseslər zamanı Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi bölgənin tarixi coğrafiyasına ciddi təsir göstərdi. Zəngilan isə Azərbaycanın tərkibində qaldı.

Rayonun tarixində ən faciəli dövrlərdən biri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra mühasirə şəraitində qalan Zəngilanın sakinləri və müdafiəçiləri 67 gün ərzində düşmənə müqavimət göstərdilər. 1993-cü il oktyabrın 25–29-da əhali ağır şəraitdə Araz çayını keçərək İran ərazisi vasitəsilə Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmağa məcbur oldu. Bu hadisə minlərlə insanın taleyinə təsir göstərməklə yanaşı, rayonun sosial-iqtisadi inkişafını uzun müddət dayandırdı.

İşğal illərində Zəngilanın tarixi-mədəni irsi də ciddi zərər gördü. Məscidlər, türbələr, sərdabələr, qədim yaşayış məskənləri, körpülər və digər memarlıq abidələri dağıntılara məruz qaldı. İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki XIV əsrə aid səkkizguşəli türbə, Şərifan abidələri, Hacallı dairəvi bürcü və digər tarixi nümunələr xalqımızın çoxəsrlik mədəni irsinin mühüm hissəsidir. Bu abidələrin qorunması və bərpası yalnız memarlıq nümunələrinin deyil, milli yaddaşın və tarixi irsin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Zəngilanın taleyində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində qazandığı uğurlar Zəngilan rayonuna doğru irəliləyiş üçün əlverişli şərait yaratdı. Oktyabrın 18-də rayonun azad edilməsi istiqamətində əməliyyatlara başlanıldı, oktyabrın 20-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və bir sıra kəndlərin işğaldan azad edildiyini elan etdi. Döyüşlər nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi azad olundu.

Zəngilanın azad edilməsi hərbi-strateji baxımdan mühüm nəticələr doğurdu. Azərbaycan–İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi. Bununla dövlət suverenliyinin möhkəmləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin olunması və bölgənin iqtisadi inkişafı üçün yeni imkanlar yarandı. Zəngilanın azad edilməsində iştirak edən hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və minlərlə hərbi qulluqçu bu medalla təltif olundu.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən edildi. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi ilə yanaşı, Zəngilanın dövlətçilik tariximizdəki yerini və azad edilmiş ərazilərin bərpasına verilən əhəmiyyəti ifadə edir.

Zəngilanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifələr ərazinin təhlükəsizliyinin təmin olunması, infrastrukturun bərpası, iqtisadi fəaliyyətin canlandırılması və əhalinin doğma torpaqlarına qayıdışının təşkili idi. Bu gün həyata keçirilən layihələr göstərir ki, dövlət siyasətinin məqsədi yalnız dağıdılmış şəhər və kəndləri yenidən qurmaq deyil, həm də müasir yaşayış mühiti, dayanıqlı iqtisadiyyat və sosial rifah üçün möhkəm əsaslar yaratmaqdır".

Deputat qeyd edib ki, Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu istiqamətdə uzunmüddətli və sistemli yanaşmanın göstəricisidir:

"Şəhərdə yaşayış komplekslərinin, məktəblərin, sosial obyektlərin, mühəndis-kommunikasiya sistemlərinin və digər infrastruktur layihələrinin həyata keçirilməsi yeni həyat şəraitinin formalaşmasına xidmət edir. 2026-cı ildə Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin istifadəyə verilməsi və ailələrin mənzillərlə təmin olunması Böyük Qayıdış prosesində mühüm mərhələdir.

2026-cı il oktyabrın 1-dək təqdim olunan məlumatlara əsasən, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Bu göstəricilər doğma yurda qayıdışın mərhələli şəkildə genişləndiyini nümayiş etdirir. Bununla belə, Böyük Qayıdışın uğuru yalnız köçürülən ailələrin sayı ilə ölçülmür. Davamlı məskunlaşma üçün iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı, sahibkarlığın inkişafı və əhalinin sabit gəlir imkanlarının təmin olunması xüsusi əhəmiyyət daşıyır.

Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi azad edilmiş ərazilərdə tətbiq olunan yeni inkişaf modelinin nümunəsidir. Burada müasir yaşayış evləri, rəqəmsal kommunikasiya şəbəkələri, alternativ enerji mənbələri və elektron xidmətlər yaradılıb. Həkəri çayı üzərində Arximed turbini tipli su elektrik stansiyasının qurulması, inzibati binalarda günəş panellərinin quraşdırılması və çirkab suların təmizlənərək təkrar istifadəsi ekoloji dayanıqlılığın təmin edilməsinə xidmət edir.

Ağalı modelinin üstünlüyü texnoloji yeniliklərlə yanaşı, sosial infrastrukturun kompleks şəkildə qurulmasındadır. Məktəb, uşaq bağçası, tibb məntəqəsi, sosial xidmətlər və məşğulluq imkanları kənd həyatının bərpasına şərait yaradır. Bu təcrübə göstərir ki, müasir kənd inkişafı ənənəvi təsərrüfatçılıqla rəqəmsal texnologiyaların, ekoloji yanaşmanın və sosial xidmətlərin uzlaşdırılması əsasında qurula bilər.

Rayonun iqtisadi dirçəlişində kənd təsərrüfatı mühüm yer tutur. Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi “Dost Aqropark” layihəsi heyvandarlıq, bitkiçilik, toxumçuluq, emal və logistika sahələrinin inkişafı üçün böyük potensiala malikdir. Layihənin tam reallaşdırılması yeni iş yerlərinin açılmasına, yerli istehsalın genişlənməsinə və regionun ərzaq təminatına töhfə verə bilər. Qarabağ məhsullarının “Made in Qarabağ” brendi ilə xarici bazarlara çıxarılması isə bölgənin iqtisadi imkanlarının daha geniş miqyasda tanıdılmasına şərait yaradacaq".

Vasif Qafarov Zəngilanın strateji əhəmiyyətini artıran əsas amillərdən birinin nəqliyyat infrastrukturunun inkişafı olduğunu vurğulayıb:

"Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və dəmir yolu layihələri bölgənin ölkədaxili və beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsinə hesablanıb. Bu layihələr sərnişin və yük daşımalarını asanlaşdırmaqla yanaşı, sənaye, kənd təsərrüfatı, ticarət və turizm sahələrinə investisiya cəlb edilməsinə də imkan yaradır. Zəngilanın regional nəqliyyat və logistika qovşağına çevrilməsi Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Turizm sektorunun inkişafı da rayonun gələcək iqtisadi mənzərəsinin mühüm istiqamətlərindəndir. Ağalı hotelinin istifadəyə verilməsi, Zəngilan İstirahət Kompleksinin yaradılması və Zangilan City Park Hotel layihəsi xidmət sektorunun genişləndirilməsi üçün imkanlar yaradır. Rayonun təbii landşaftları, meşələri, çayları və tarixi abidələri ekoturizm, mədəni turizm və istirahət turizminin inkişafı üçün əlverişli şərait formalaşdırır.

Zəngilan şəhər məscidinin bərpası və tarixi abidələrin qorunması istiqamətində görülən işlər də xüsusi əhəmiyyət daşıyır. İşğal dövründə zərər görmüş dini və memarlıq nümunələrinin bərpası maddi irsin qorunması ilə yanaşı, xalqımızın tarixi yaddaşının yaşadılmasına xidmət edir. Bu baxımdan quruculuq işləri yalnız fiziki infrastrukturun yenilənməsi deyil, həm də bölgənin tarixi və mədəni simasının bərpası deməkdir.

Prezident İlham Əliyevin Zəngilana müntəzəm səfərləri, burada həyata keçirilən layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı, sakinlərlə görüşləri dövlətin azad edilmiş ərazilərin bərpasına verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Hava limanından dəmir yoluna, yaşayış komplekslərindən məktəb və məscidlərə qədər müxtəlif layihələrin mərhələli şəkildə həyata keçirilməsi rayonun hərtərəfli inkişafına yönəlmiş kompleks yanaşmanın ifadəsidir.

Nəticə etibarilə, 20 Oktyabr – Zəngilan şəhəri günü keçmişin ağrılarını, hərbi qəhrəmanlığı və gələcəyə inamı birləşdirən əlamətdar tarixdir. Zəngilanın azad edilməsi Azərbaycanın suverenliyinin bərpasına, sərhəd təhlükəsizliyinin möhkəmlənməsinə və yeni regional inkişaf imkanlarının yaranmasına şərait yaradıb. Bu gün əsas hədəf doğma torpaqlarına qayıdan insanların təhlükəsiz, layiqli və davamlı həyat şəraitinin təmin edilməsidir. Zəngilanın dirçəlişi yalnız bir rayonun yenidən qurulması deyil, Azərbaycanın quruculuq iradəsinin, iqtisadi potensialının və milli birliyinin təzahürüdür".