BAKI, 20 oktyabr. TELEQRAF

Bakının Qaradağ rayonunda qonşularının qətlində ittiham olunan 1995-ci il təvəllüdlü Elşən Müzəffərov, onun 1997-ci il təvəllüdlü arvadı Gülnar Müzəffərova və sonuncunun qardaşı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış üçün dövlət ittihamçısı Babaxan Həsənəliyevə söz verilib.

Dövlət ittihamçısı Elşən Müzəffərov və Qasım Xankişiyevin hər birinin 18 il, Gülnar Müzəffərovanın isə 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkmiş Səxavət İsmayılovun hüququ varisi prokurorun tələb etdiyi cəza ilə razılaşmayıb. Bildirib ki, Elşən Müzəffərov və Qasım Xankişiyevə daha ağır cəza verilməlidir.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq həbs edilib.

Məlum olub ki, Qasım Xankişiyev və Elşən Müzəffərov Rusiyada olub. Ölkəyə qayıdan Xankişiyev və Müzəffərov Gülnarın qətlə yetirilən Səxavət İsmayılov ilə əlaqədə olmasını biliblər. Qadın yaxınları tərəfindən döyülüb, bundan sonra qadın qonşusu ilə əlaqəsini etiraf edib. Əvvəlcə qadına şiddət göstərilib və daha sonra Səxavət İsmayılov qətlə yetirilib.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.