BAKI, 27 fevral. TELEQRAF

Rusların 2025-ci ilin ilk yarısında ərəb ölkələrinə uçuşları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19% artıb.

Teleqraf xəbər verir ki, bu barədə “Kupibilet” xidmətinin araşdırması nəticəsində məlum olub.

Moskvadan ən çox maraq göstərilən istiqamət isə Səudiyyə Ərəbistanına uçuşlar olub.

Mütəxəssislərin bildirdiyinə görə, Rusiyadan ərəb ölkələrinə ümumi tələb keçən illə müqayisədə 19% artıb.

Araşdırmaya əsasən, ərəb ölkələrinə aviabiletlərə tələbin ən çox artdığı şəhər Moskva olub. Paytaxtdan Ciddə və Mədinəyə (Səudiyyə Ərəbistanı) uçuşlara tələbat müvafiq olaraq 33% və 28%, Şarjaya (BƏƏ) 22%, Dohaya (Qətər) 21%, Dubay və Əbu-Dabiyə (BƏƏ) 19% və 18%, Dammama (Səudiyyə Ərəbistanı) isə 16% artıb.

Sankt-Peterburqdan uçuşlarda daha az nəzərəçarpan artım müşahidə edilib. Bu şəhərdən Dohaya uçuşların populyarlığı keçən illə müqayisədə 21%, Ciddəyə 20%, Dammama 17%, Şarjaya 15%, Əbu-Dabiyə 14%, Dubay və Mədinəyə isə 13% artıb. Soçidən isə yalnız Dubaya birbaşa uçuş mümkündür. 2025-ci ildə bu istiqamətdə artım 16% təşkil edib.