BAKI, 31 oktyabr. TELEQRAF

“Düşmən tərəfindən istənilən təhdid İran Silahlı Qüvvələri tərəfindən coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv cavabla qarşılanmalıdır”.

Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei Silahlı Qüvvələrin komandirləri ilə görüşündə deyib.

“İnqilabın Ali rəhbərinin qərarına görə, istənilən səviyyədə və istənilən növdə təhdid coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv cavabla qarşılanmalıdır”, - Müctəba Xameneinin dəftərxanasının məlumatında bildirilib.

Qeyd olunub ki, ölkənin ali rəhbəri düşmənlərlə sərt qarşıdurma aparmaq üçün döyüş hazırlığını “maksimum çəkindirmənin şərti” adlandırıb.

Komandirlər də İranın Bəsrə körfəzi sahillərində, Hörmüz boğazı və Oman körfəzi ərazilərində, eləcə də sərhədlərdə Silahlı Qüvvələrin hazırlığı barədə məlumat veriblər. Həmçinin sursatların, kəşfiyyat, dəstək və döyüş vasitələrinin istehsalının dəfələrlə artırıldığı bildirilib.

Xamenei bəyan edib ki, düşmən yenidən hərbi və ya terror hücumlarına başlayacağı təqdirdə, müharibənin başa çatma vaxtını və şərtlərini İran müəyyən edəcək: “Əgər düşmənlər yenidən hərbi və ya terror hücumlarına başlayarsa, onların nə vaxt və hansı şərtlərlə sona çatacağını məhz İslam Respublikasının Silahlı Qüvvələri və İran xalqı müəyyən edəcək”.

Ölkə lideri ABŞ və İsrailin maddi və qeyri-maddi aktivlərinin İran Silahlı Qüvvələrinin zərbə imkanları daxilində olması üçün hədəflər bazasının yenilənməsi əmrini verib.