BAKI, 31 oktyabr. TELEQRAF

Latviya hökuməti rusiyalı teleaparıcı Kseniya Sobçakın və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun ölkəyə girişini qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Bayba Braze məlumat verib.

“Miqrasiya haqqında qanunun 104-cü maddəsinin 3-cü hissəsinə uyğun olaraq, Rusiya vətəndaşları Kseniya Sobçak və Konstantin Boqomolovu Latviyada “arzuolunmaz şəxslər” siyahısına daxil etdim və onların ölkəyə girişini qeyri-müəyyən müddətə qadağan etdim”, - o, X sosial şəbəkəsində yazıb.

Qərar Latviya qanunvericiliyinin müvafiq müddəası əsasında qəbul edilib. Həmin müddəa xarici işlər nazirinə xarici siyasət səbəbləri ilə, eləcə də ölkənin təhlükəsizliyinə və ya ictimai asayişinə təhdid yaradan əcnəbilərin ölkəyə girişini qadağan etmək səlahiyyəti verir.