BAKI, 31 oktyabr. TELEQRAF

“Husilər (“Ənsarallah” Hərəkatı) İrandan, Tehranın İraqdakı silahlı qruplaşmalarından və “Hizbullah”dan silah, texniki yardım, təlim və maliyyə dəstəyi alırlar”.

Teleqraf xəbər verir ki, bunu Yəmənin rəsmi hökumətinin xarici işlər naziri Əfraḥ əz-Zubə deyib.

BMT hesabatına istinad edən nazir qeyd edib ki, husilərə xaricdən hərbi, texniki və maliyyə dəstəyi Yəməndə müharibənin davam etməsinin əsas amillərindən biridir.

Əz-Zubə husilərin Taiz şəhərini mühasirədə saxlamasına da toxunub:

“Husilərin Taiz şəhərini mühasirədə saxlaması müharibə cinayətidir. Bu mühasirə zamanı əhalinin ərzaq, dərman, yanacaq və suya olan ehtiyaclarından siyasi təzyiq vasitəsi kimi istifadə olunur”.

Yəmən xarici işlər naziri mühasirənin dərhal dayandırılmasına çağıraraq, Taiz şəhərinə gedən yolların daimi və təhlükəsiz şəkildə açılmasının vacibliyini vurğulayıb.