BAKI, 31 oktyabr. TELEQRAF
“Rusiya “Şahid” tipli PUA-larla Kiyevdə istilik elektrik stansiyasına (İES) zərbə endirib. Dnepropetrovsk vilayətində isə təkcə bu gecə dörd elektrik yarımstansiyası hücuma məruz qalıb. Səhərə yaxın Şostkada Rusiya dronu istilik elektrik stansiyasını vurub”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Dnepr və Xarkov şəhərlərində dəmir yolu infrastrukturuna zərbələr endirilib. Rusiya Dnepropetrovsk vilayətində qazpaylayıcı obyektə də hücum edib.
Rusiyanın bu zərbələrindən sonra regionlarımızda elektrik təchizatı ilə bağlı vəziyyət mürəkkəbləşib. Dnepr şəhərində və vilayətdə təxminən 200 min ailə elektrik enerjisiz qalıb. Kiyev vilayətində isə daha 80 mindən çox ailənin elektrik təchizatı kəsilib. Təmir briqadaları hücumların nəticələrinin aradan qaldırılması və elektrik enerjisinin bərpası istiqamətində çalışırlar”, - dövlət başçısı deyib.
Volodimir Zelenski qeyd edib ki, dünya Rusiyanın hər gün mülki infrastrukturu hədəfə aldığını görür:
“Rusiyanın bu eskalasiyasının Avropada daha da genişlənməsini istəməyən hər kəs Ukraynaya kömək etməlidir. Sülhə doğru real addımlar atılmalıdır. Bunlar təcavüzkara qarşı sanksiyalar və Ukraynaya yeni dəstək paketləridir”.