BAKI, 31 oktyabr. TELEQRAF

Polşa Konstitusiya Məhkəməsinin hakimi Maçey Berekin Prezident Karol Navrotskinin məhkəmənin binasına daxil olmaq cəhdi zamanı yaranmış vəziyyəti “skandal” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Cəld addımlarla irəliləyən prezident qapının qarşısında dayanan hakimin önündə nəinki dayanmadı, əksinə, hakim Anna Korvin-Piotrovskaya çırpıldı və digər hakimlərin arasından zorla keçməyə çalışdı”, - Berek qeyd edib.

Polşa Baş naziri Donald Tuskun öz hökumətində keçmiş nazir olmuş Maçey Berekini Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra gərginlik yaranıb. Nəticədə son həftələrdə bu qurumun binası qarşısında mütəmadi etiraz aksiyaları keçirilir.

Oktyabrın 31-nə keçən gecə vəziyyət daha da gərginləşib. Binanın mühafizəsinə əlavə qüvvələr cəlb olunub. Etirazçılar məhkəmənin qarşısına toplaşaraq hasarı aşmağa cəhd ediblər. Kütlə ilə polis əməkdaşları arasında toqquşmalar baş verib.

Bu hadisə Polşa Konstitusiya Məhkəməsi ətrafında 2015-ci ildən bəri davam edən çoxillik münaqişənin növbəti mərhələsidir. Həmin vaxt Navrotskinin də tərəfdarı olduğu “Hüquq və Ədalət” (PiS) Partiyası artıq tutulmuş hakim yerlərinə öz namizədlərini təyin etməyə başlayıb. Bu isə məhkəmənin fəaliyyətinin iflic olmasına və Brüssellə uzun illər davam edən mübahisəyə səbəb olub.

2023-cü ildə Donald Tuskun rəhbərlik etdiyi hökumət hakimiyyətə gəldikdən sonra qanunun aliliyini bərpa edəcəyini vəd edib. Amma bu istiqamətdə atılan addımlar Karol Navrotskinin müqaviməti ilə üzləşib. O, parlament tərəfindən seçilmiş bir neçə hakimi, o cümlədən Anna Korvin-Piotrovskayanı və Maçey Bereki vəzifəyə buraxmaqdan imtina edib. Konstitusiya Məhkəməsinin sədri Boqdan Sventçkovski də həmin hakimlərin fəaliyyətə başlamasına imkan verməyib.

Sventçkovskinin müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar Navrotski oktyabrın 30-da axşam saatlarında Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.

Paytaxta qayıtdıqdan sonra Polşa lideri Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapinski ilə görüşüb. Bundan sonra gecə yarısı Konstitusiya Məhkəməsinin binasına gələrək, zorla içəri daxil olub. Bu zaman dövlət başçısının binaya daxil olmasına mane olmağa çalışan hakimlərlə arasında qarşıdurma baş verib. Hadisə videoya çəkilib və hakim Maçey Berek tərəfindən yayımlanıb. Polislə prezidentin mühafizə xidmətinin əməkdaşları arasında da toqquşma yaşanıb.