BAKI, 31 oktyabr. TELEQRAF

“Ümid edirəm, Polşa Baş Prokurorluğu Prezident Karol Navrotskinin Konstitusiya Məhkəməsinin binasına güc tətbiq edərək daxil olması ilə bağlı tədbirlər görəcək”.

Teleqraf xəbər verir ki, bunu Polşa ədliyyə naziri və Baş prokuroru Valdemar Jurek deyib.

Jurekin sözlərinə görə, Polşa Prezidentinin davranışı vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyıb:

“Mən Prezidentin davranışından ciddi narahatam. İnternetdə yayılan videoları izlədik və ümid edirəm, prokurorluq müvafiq tədbirlər görəcək. Çünki prezident toxunulmazlığına malik şəxsin belə davranması - hakimlərə hücum etməsi və binaya zorla daxil olması qəbuledilməzdir. Dövlət başçısının davranışından utandım”.

Jurek Navrotskinin hərəkətlərini “skandal” adlandırıb.

“Hamımız baş verənləri gördük, bunun videoçəkilişi də var. Buna görə də mən bunu skandal davranış hesab edirəm. Prezident küçədə emosiyaları qızışdırmaq üçün yaranmış vəziyyətdən istifadə etdi”.

Polşada siyasi böhran Baş nazir Donald Tuskun öz hökumətinin keçmiş üzvü Maçey Bereki Konstitusiya Məhkəməsinin hakimi təyin etməsindən sonra başlayıb. Son həftələrdə məhkəmənin binası qarşısında mütəmadi etiraz aksiyaları keçirilir.

Oktyabrın 30-da ölkənin ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Boqdan Sventçkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığının ləğv edilməsi barədə vəsatət qaldırıb. Məhkəmə ərazisinin mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub. Oktyabrın 31-nə keçən gecə etirazçılar məhkəmənin binası qarşısına toplaşaraq hasarı aşmağa cəhd ediblər. Polis üç nəfəri saxlayıb.

Böhranın kəskinləşməsi fonunda Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb. Gecə yarısı radələrində prezident Konstitusiya Məhkəməsinin binasına gələrək içəri daxil olub. Bu zaman dövlət başçısının binaya daxil olmasına mane olmağa çalışan hakimlərlə onun arasında qarşıdurma baş verib. Polislə prezidentin mühafizə xidmətinin əməkdaşları arasında toqquşma olub.

Bir sıra müxalifət siyasətçiləri baş verənləri “dövlət çevrilişinə cəhd” kimi qiymətləndiriblər.