BAKI, 31 oktyabr. TELEQRAF
Polşa Konstitusiya Məhkəməsinin (KM) sədri vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Boqdan Sventçkovski qəsbkarların məhkəmənin binasını qanunsuz olaraq ələ keçirdiklərini bəyan edərək, vəziyyəti dəyişdirmək üçün mübarizə aparacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” məlumat yayıb.
“Vəziyyəti dəyişdirmək üçün əlimizdən gələni edirik”, - o deyib.
Sventçkovski bu gün Konstitusiya Məhkəməsinin binasına daxil olmağa çalışacağını söyləyib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin digər qanuni hakimləri də Varşavaya gəlirlər.
“Ümid edirəm ki, bu gün yeddi nəfər bir araya gələrək Konstitusiya Məhkəməsinin fəaliyyətini bərpa etmək üçün nə edə biləcəyimizi və bunu necə həyata keçirəcəyimizi müzakirə edəcəyik”.
Polşada siyasi böhran Baş nazir Donald Tuskun öz hökumətinin keçmiş üzvü Maçey Bereki Konstitusiya Məhkəməsinin hakimi təyin etməsindən sonra başlayıb. Son həftələrdə məhkəmənin binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilir.
Oktyabrın 30-da ölkənin ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Boqdan Sventçkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığının ləğv edilməsi barədə vəsatət qaldırıb.
Məhkəmənin ərazisinin mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub. Oktyabrın 31-nə keçən gecə etirazçılar məhkəmənin binası qarşısına toplaşaraq hasarı aşmağa cəhd ediblər. Polis üç nəfəri saxlayıb.
Böhranın kəskinləşməsi fonunda Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb. Bundan sonra gecə yarısı radələrində prezident Konstitusiya Məhkəməsinin binasına gələrək içəri daxil olub. Bu zaman dövlət başçısının binaya daxil olmasına mane olmağa çalışan hakimlərlə onun arasında qarşıdurma baş verib. Polislə prezidentin mühafizə xidmətinin əməkdaşları arasında da toqquşma yaşanıb.
Bir sıra müxalifət siyasətçiləri baş verənləri “dövlət çevrilişinə cəhd” kimi qiymətləndiriblər.