BAKI, 31 oktyabr. TELEQRAF
Polşa xarici işlər naziri Radoslav Sikorski Konstitusiya Məhkəməsi (KM) ətrafında baş verən hadisələri “xoşagəlməz, amma zəruri addım” kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, nazir bu addımların parlament respublikasının prezident respublikasına çevrilməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib.
“Dünən axşam Varşavada Konstitusiya Məhkəməsində baş verən hadisələr xoşagəlməz idi. Amma alternativ Polşanın konstitusiyaya zidd şəkildə prezident respublikasına çevrilməsi ilə barışmaq olardı”, - Sikorski X sosial şəbəkəsində yazıb.
Polşada siyasi böhran Baş nazir Donald Tuskun öz hökumətinin keçmiş üzvü Maçey Berekini Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra başlayıb. Son həftələrdə məhkəmə binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilib.
Oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin səlahiyyətlərini müvəqqəti icra edən sədri Boqdan Sventşkovskinin vəzifədən kənarlaşdırılması və toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət təqdim edib.
Məhkəmənin ərazisinin mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub. Oktyabrın 31-nə keçən gecə etirazçılar məhkəmə binasının qarşısına toplaşaraq hasarı aşmağa cəhd ediblər. Polis üç nəfəri saxlayıb.
Böhranın kəskinləşməsi ilə əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.