Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı faktlar – informasiya və səs yazıları, foto/videogörüntülər Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, özünü “boz kardinal” kimi təqdim edən Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı hazırladığı, dəstək əldə etmək məqsədilə planı Rusiyaya təqdim etdiyi, eləcə də “dostlarımız” adlandırdığı Əli Kərimli və komandasına göndərdiyini təsdiq edir. Əslində bu faktlar indiyə qədər mediada yazılan və ehtimal, yaxud “təsdiqlənməmiş informasiya” kimi təqdim edilən məlumatların təsdiqidir.

DTX-nın apardığı istintaqda təsdiq olunur ki, Ramiz Mehdiyev, Azərbaycanda hakimiyyəti ələ keçirmək məqsədilə yaradılmış “Milyarderlər ittifaqı”nın əsas müəlliflərindən olan baş nazirin keçmiş müavini Abbas Abbasov və AXCP sədri Əli Kərimli hələ 2012-ci ildən etibarən ölkədə çevriliş etmək üçün birlikdə hərəkət ediblər.

- Həmin vaxt PA rəhbəri olan Ramiz Mehdiyev çevriliş planına gizli şəkildə dəstək verib;
- Abbas Abbasov Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli biznesmenləri “Milyarderlər ittifaqı”nın çətiri altına toplayıb;
- Əli Kərimli və dəstəsi isə “Demokratik Qüvvələrin Milli Şurası” adı altında siyasi müxalifəti çevriliş planına cəlb edib.



Rusiyanın təlimatı ilə həyata keçirilən planının icrası məqsədilə Abbas Abbasov və Ramiz Mehdiyev gizli şəkildə Əli Kərimlini maliyyələşdirib. AXCP-nin üzvü İbrahim Məmməd və digərləri vasitəsilə təxminən 1 milyona yaxın (933.828,40 manat) vəsaitin əldə edildiyi rəsmi olaraq təsdiqlənib. Əli Kərimliyə ayrılan pulların qəbul edilməsi, çatdırılması işini müavini Fuad Qəhrəmanlı da həyata keçirib. Yayılan görüntülərdən aydın olur ki, F.Qəhrəmanlı dəfələrlə eyni mərkəzdən külli miqdarda olan pulu qəbul edir. AXCP üzvü Qənimət Zayıdov da çevriliş planına dəstək əldə etmək üçün xarici xüsusi xidmət orqanları ilə əlaqənin yaradılmasında vasitəçilik edib.



Çevriliş planı 2013-cü il prezident seçkilərində səsvermə prosesinə müdaxilə etmək, eləcə də kütləvi iğtişaşlar törətməklə həyata keçiriləcəkmiş. Bu məqsədlə “Milyarderlər ittifaqı” adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib. Qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib.

Burada söhbətin Rusiyadan getdiyi məlumdur. Qənimət Zayıdov da Əli Kərimlinin adından Rusiya xüsusi xidmət orqanları ilə gizli danışıqlar aparıb, hakimiyyətə gəlmək üçün veriləcək dəstək qarşılığında həmin dövlətin maraqlarını müdafiə edəcəkləri vədini verib. Misal üçün, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv olacağı ilə bağlı razılaşma əldə olunub.

2013-cü ilin prezident seçkilərində çevriliş planı baş tutmadı, lakin sonrakı illərdə baş verənlər planın rəfə qaldırılmadığını göstərir. 2013-cü ildən sonra Abbas Abbasov Milli Şuranı – Əli Kərimlini maliyyələşdirməyə davam edib. Bununla yanaşı, Əli Kərimli və Ramiz Mehdiyev arasında təmaslar intensivləşib. Bu ittifaqın əsas hədəfi ölkədə çevriliş etmək olsa da, buna nail olana qədər qarşılıqlı “paslaşmalar” da baş verib.



- Əli Kərimli Ramiz Mehdiyevin təlimatı ilə kütləvi aksiyalar, mitinqlər keçirir və “ana müxalifət” olduqlarını göstərirdi;
- Ramiz Mehdiyev isə bu mitinqləri, aksiyaları “ölkədə real siyasi qüvvə var”, “mən olmasam, siyasi müxalifət hakimiyyəti ələ keçirəcək” rəyi yaratmaqla öz postunu qorumağa, hakimiyyət daxilində mövqelərini gücləndirməyə çalışırdı.

2019-cu ildə Ramiz Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra Milli Şuranın mitinqlərinin səngiməsi, daha sonra tamamilə aradan qalxması da bunu isbat edir.

Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan sonra Əli Kərimli ilə gizli təmasları davam etdirib. Proseslər və yayılan faktlar göstərir ki, 2013-cü ildə nail ola bilmədikləri çevriliş planını yenidən həyata keçirmək istiqamətində fəaliyyət göstəriblər. Bununla bağlı iki cəhdin üstü açılıb.

Birinci cəhd 2020-ci ilin 14-15 iyul tarixində edilib.

Tovuz döyüşlərindən sonra orduya dəstək məqsədilə həmin tarixdə Bakıda vətəndaşların yürüşü keçirildi. Hər kəs yaxşı xatırlayır: vətəndaşların vətənpərvərlik şüarları ilə keçirilən yürüşündə qəfil təxribat xarakterli hallar baş verdi, hətta bir qrup şəxs parlamentin binasına daxil olaraq, qanunverici orqanı ələ keçirməyə çalışdı. Bu təxribatın qarşısı alındı. DTX-nın istintaqı zamanı məlum olur ki, bu təxribat planı Əli Kərimlinin təlimatı ilə həyata keçirilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istintaqa verdiyi ifadədə etiraf edir ki, Əli Kərimli partiya üzvlərinin yürüşə qatılması, kütlənin diqqətini hakimiyyətə qarşı yönəltmək və parlamentin, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək tapşırığı verib. Buna nail olduqdan sonra ölkədə hakimiyyətin ələ keçirildiyini bəyan edəcəkdilər.

Həmin vaxt artıq vəzifədə olmayan R.Mehdiyevin də bu təxribat planında yer aldığı məlumdur.

İkinci cəhd 2025-ci ilin avqust-sentyabr aylarında baş verib.

AZAL-ın təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində problemlərin yaranmasından istifadə edən R.Mehdiyev Azərbaycanda hakimiyyəti ələ keçirmək məqsədilə “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında Rusiyaya təkliflər ünvanlayıb. R.Mehdiyev dövlətə xəyanət ittihamı ilə həbs olundu. Aparılan araşdırma zamanı məlum oldu ki, R.Mehdiyevin çevriliş planına görə ölkədə idarəçiliyi ələ alacaq “Dövlət şurası” yaradılacaqmış. 50 nəfərdən ibarət olacaq şurada müxalifət nümayəndələrinin də daxil olduğu, onlardan ikisinin – Əli Kərimli və Gültəkin Hacıbəylinin adının məlum olduğu haqda məlumatlar yayıldı. Əli Kərimlinin evində aparılan axtarış zamanı R.Mehdiyevin çevriliş planının əks olunduğu məktubu tapıldı. İstintaqa cəlb olunan Əli Kərimlinin partiyadaşları da onun R.Mehdiyevlə əlaqələrini təsdiq etdilər.



DTX-nın apardığı istintaq nəticəsində detallar ortaya çıxıb. Məlum olub ki, R.Mehdiyev çevriliş planının əks olunduğu yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim edib. Məqsəd planın detallarının razılaşdırılması olub. 3 oktyabr 2025-ci il tarixində isə planın əks olunduğu materialın yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərib.

R.Mehdiyevin əlaqə yaratdığı xarici xüsusi xidmət orqanının (söhbət Rusiyadan gedir) əməkdaşı ilə telefon danışığı hər şeyi sübut edir. Telefon söhbətində aydın olur ki, Mehdiyev əvvəlcə çevriliş planına dəstək xahişi edib. Əlaqə yaratdığı xarici xüsusi xidmət orqanının xanım əməkdaşından hansı qərarın verildiyini soruşur. Qarşı tərəf də onun xahişini çatdırdığını deyir. Mehdiyev isə çevriliş planı ilə bağlı “Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulmasına dair” sənəd çatdırmaq istədiyini bildirir. Məlumdur ki, onun danışdığı şəxs Rusiya xüsusi xidmət orqanının əməkdaşıdır. Qarşı tərəfin Mehdiyevin təklifinə “bu, sizin daxili işinizdir, öz aranızda necəsə həll edin” cavabı diqqət çəkir. Buradan bir neçə nəticə çıxır: ya Rusiya tərəfini təmsil edən şəxs danışığın qeydə alınması riskinə görə belə deyir, ya da Mehdiyevin planı Moskvanın maraqlarına uyğun olmadığı üçün birmənalı qarşılanmır. R.Mehdiyev isə çevriliş planında israr edir.



Digər diqqətçəkən məqam isə Mehdiyevin “Mən köməkçiyə deyəcəm, elektron poçt vasitəsilə köməkçiyə göndərin” sözləridir. Qarşı tərəf isə “Bəli, danışdıq, hələlik. Sabaha qədər” cavabını verir. Görünür, Mehdiyevin çevriliş planı ilə bağlı təklifinə cavab və verilən təlimatlar elektron poçt vasitəsilə çatdırılırmış.

Daha sonra R.Mehdiyev köməkçisinə çevriliş planı ilə bağlı sənədin çatdırılması təlimatını verir.

Yayılan faktlar – səs yazıları, foto/videogörüntülər Ramiz Mehdiyev, Abbas Abbasov, Eldar Əmirov, Əli Kərimli, Məməd İbrahim, Qənimət Zayıdov və Fuad Qəhrəmanlının yer aldığı şəbəkənin Azərbaycanda konstitusion hakimiyyəti dəyişdirmək planlarını ifşa edir. Hələ 2013-cü ildən dövriyyəyə daxil edilən bu planın ötən il birbaşa Rusiyanın dəstəyi ilə həyata keçirilməsi cəhdi edilib. Əsas məqsəd hakimiyyəti ələ keçirmək və Azərbaycanı “marionetka” dövlətə çevirmək idi. Lakin bütün cəhdlərin qarşısı alındı və şəbəkə ifşa olundu.

Bu, həm də özlərini “demokratiya qəhrəmanları” kimi təqdim edən Əli Kərimli və dəstəsinin ifşasıdır. Həmçinin isbat olundu ki, Ramiz Mehdiyev və Əli Kərimlinin həbs edilməsi heç də iddia olunduğu kimi, hansısa siyasi motivdən yox, birbaşa konstitusiya quruluşuna qarşı çevriliş cəhdindən qaynaqlanır. Eyni əməllərdə ittiham olunan şəbəkənin digər üzvləri barəsində cinayət işi açılıb, hər biri qanun qarşısında cavab verəcək.