BAKI, 17 sentyabr. TELEQRAF

Prezident İlham Əliyevin çıxışında Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişaf perspektivləri və Azərbaycanın bu prosesdəki fəal rolu ilə bağlı mühüm mesajlar səsləndirilib. Azərbaycanın qısa müddət ərzində TDT ölkələrinin dini liderlərini və Təhlükəsizlik Şuralarının katiblərini Bakıda bir araya gətirməsi ölkəmizin Türk dünyasında etibarlı və mühüm əməkdaşlıq platformasına çevrildiyini göstərir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı TDT-nin aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsini strateji hədəf kimi müəyyənləşdirib: "Bu məqsədlə üzv dövlətlər arasında siyasi dialoqun daha da intensivləşdirilməsi, dövlət başçılarının daha tez-tez görüşməsi və qeyri-rəsmi Zirvə görüşlərinin davam etdirilməsi vacibdir. Azərbaycanın təşəbbüsü ilə ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi də bu istiqamətdə ölkəmizin təşəbbüskar mövqeyini nümayiş etdirir.

Çıxışda enerji və nəqliyyat təhlükəsizliyinin Türk dövlətləri üçün strateji əhəmiyyəti xüsusi vurğulanıb. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi, Mərkəzi Asiya ölkələrinin Xəzər üzərindən dünya bazarlarına çıxışında mühüm tranzit rolunu oynaması ölkəmizi TDT daxilində nəqliyyat və enerji əməkdaşlığının əsas halqalarından birinə çevirir. Bu imkanların genişləndirilməsi həm iqtisadi əlaqələri, həm də ümumi regional təhlükəsizliyi gücləndirir.
Azərbaycanın xarici siyasətində Türk dünyasının xüsusi prioritet təşkil etməsi də çıxışın əsas istiqamətlərindəndir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinin qurulması, birgə investisiya fondlarının yaradılması Türk dövlətləri arasında siyasi həmrəyliyin iqtisadi əməkdaşlıqla tamamlandığını göstərir".

Deputat əlavə edib ki, Prezident gənclər siyasətinə və milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət çəkib: "Gənclərin vətənpərvərlik, milli dəyərlər və dövlətçilik prinsipləri ruhunda yetişdirilməsi, onların qərarvermə və ictimai proseslərdə iştirakının artırılması TDT-nin gələcək inkişafı baxımından mühüm istiqamət kimi təqdim olunur. Xarici ideoloji və informasiya təsirlərinin artdığı bir dövrdə gənclərin bu təsirlərdən qorunması və TDT ölkələrinin gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Regional müharibələr və artan geosiyasi gərginlik fonunda təhlükəsizlik məsələləri də çıxışın mühüm hissəsini təşkil edir. Təhdidlərin yalnız hərbi deyil, həm də informasiya və ideoloji xarakter daşıması dövlətlər arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsini zəruri edir.

Bütövlükdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın TDT çərçivəsində təşəbbüskar və fəal rolunu, Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini ortaya qoyur. Əsas məqsəd Türk dünyasının mövcud potensialını daha sıx əməkdaşlığa çevirmək və TDT-nin beynəlxalq mövqeyini gücləndirməkdir".