BAKI, 19 sentyabr. TELEQRAF
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki çıxışı və sərgilədiyi qətiyyətli siyasi iradə bir daha təsdiq edir ki, Azərbaycan sözügedən qlobal inteqrasiya prosesinin əsas təşəbbüskarı, mərkəzi platforması və etibarlı tərəfdaşıdır. Günümüzdə Türk dünyası tarixi dirçəliş dövrünü yaşayır və bu prosesin mərkəzində məhz ölkə başçımız Cənab İlham Əliyevin milli maraqlara əsaslanan uzaqgörən siyasəti dayanır.
Bunu Teleqraf-a Milli Məclisin deputatı, "Ana Vətən" Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, paytaxtımızda qısa müddət ərzində həm TDT üzv dövlətlərinin dini liderlərinin, həm də Təhlükəsizlik Şuralarının katiblərinin bir araya gəlməsi önəmli hadisədir:
"Adıçəkilən mühüm tədbirlər Azərbaycanın TDT ilə münasibətlərinin sistemli, çoxşaxəli və dərin olduğunu göstərir. Rəsmi Bakı beynəlxalq əhəmiyyətli, qlobal təhlükəsizlik və mənəvi həmrəylik məsələlərinin müzakirəsi üçün etibarlı məkana çevrilib.
2009-cu ildə Naxçıvanda imzalanan tarixi sazişdən başlayan yol bu gün TDT-ni dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevirməkdədir. Təşkilat üzv ölkələr arasındakı bağları daha da möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət başçılarının ildə yalnız bir dəfə görüşməsi kifayət deyil. Məhz Azərbaycanın təşəbbüsü ilə başlanan Zirvə görüşləri (Şuşa Zirvəsi başlanğıc olmaqla) əlaqələrin daha da dinamikləşməsinə xidmət edir".

Deputat hesab edir ki, regionumuzun geniş coğrafiyası enerji və nəqliyyat təhlükəsizliyi baxımından həm üzv ölkələr, həm də bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət daşıyır:
"Nəqliyyat əlaqələrinin inkişafı və enerji təhlükəsizliyinin təmin olunması ümumi təhlükəsizliyin əsas şərtlərindəndir. Azərbaycan Mərkəzi Asiya ölkələrindən Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxan əsas tranzit ölkə kimi Avropa ilə Asiyanın qovşağında mühüm rol oynamaqla bütün üzv dövlətlərə iqtisadi və strateji fayda qazandırır. Dövlət başçımızın vurğuladığı kimi, "Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur". Bu fikirlər Azərbaycanın xarici siyasətinin ideoloji təməlidir. Qardaş Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik sazişləri və bəyannamələr ikitərəfli əlaqələrimizi ən yüksək zirvəyə qaldırıb. Yaradılan birgə investisiya fondları və qarşılıqlı iqtisadi layihələr bu birliyin real iqtisadi təməllər üzərində bərqərar olduğunu sübut edir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti günümüzdə yeni mərhələdə inkişaf etməkdədir. Gənclərimizin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsi dövlətimizin gələcək təminatıdır. Azərbaycanda xaricdən maliyyələşən, milli maraqlara zidd mövqe tutan marginal qruplar hər zaman xalqımız tərəfindən rədd edilir. Cəmiyyətimizin immun sistemi bu cür təxribatlara qarşı həmişə güclü olub. TDT çərçivəsində gənclər təşkilatlarının sıx əməkdaşlığı, müntəzəm forum və konfransların keçirilməsi yad narrativlərin və xarici ideoloji təxribatların qarşısının alınmasında ən təsirli vasitədir".
Günay Ağamalı vurğulayıb ki, dünyada gedən müharibələr, dərinləşən qlobal böhranlar və açıq qarşıdurmalar fonunda regional təhlükəsizlik məsələləri əhəmiyyət daşıyır:
"Məqsəd dövlət quruculuğumuza və ictimai həmrəyliyimizə zərbə vuran yad təsirlərin kökünü kəsmək, Türk birliyinin sarsılmaz qalxanını yaratmaqdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyasının həmrəyliyinə, təhlükəsizliyinə və qlobal gücə çevrilməsinə töhfə verməkdədir. Güclü liderlik, milli həmrəylik və qarşılıqlı etimad Türk dövlətlərini daha parlaq sabaha daşıyan yeganə yoldur".