BAKI, 19 sentyabr. TELEQRAF

Rusiyalı müxalifətçi İlya Yaşin Ermənistanda həyatına təhlükə yarana biləcəyi ilə bağlı xəbərdarlıq aldıqdan sonra İrəvana planlaşdırılan səfərini ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb.

O açıqlayıb ki, söhbət mümkün fiziki təhlükədən gedir.

Yaşin hazırda ABŞ-dadır. O, Dövlət Dumasına seçkilərdə səsvermənin son gününə, yəni 20 sentyabra qədər İrəvana gəlməyi, seçki məntəqəsinə baş çəkməyi, “böyük müharibə əleyhinə növbə”də iştirak etməyi və müharibəyə qarşı çıxan ruslarla görüşməyi planlaşdırıb.

Yaşin özünün "Telegram" kanalında yazıb: "Vaşinqtonda olduğum müddətdə Ermənistana qarşıdan gələn səfərimlə bağlı müəyyən risklər barədə xəbərdarlıq edildi. Təfərrüatları açıqlaya bilmərəm, amma söhbət fiziki təhlükədən gedir".

Onun sözlərinə görə, aldığı məlumatları görməzdən gələ bilmir və təhlükəsizlik qaydalarına riayət etmək məcburiyyətində qalır. Bu səbəbdən Ermənistana səfər təxirə salınır və orada planlaşdırılan tədbirlər ləğv edilir.

Bundan əlavə, Yaşin "Dinc Rusiya üçün günorta" kampaniyasında iştirak etmək niyyətindədir. 20 sentyabrda saat 12:00-da o, Nyu-Yorkdakı Rusiya səfirliyinin yaxınlığındakı seçki məntəqəsinə getməyi planlaşdırır.

Yaşin və digər rusiyalı müxalifətçilər Dövlət Duması seçkilərinin son günündə “Dinc Rusiya üçün günorta” kampaniyasının keçirilməsini təklif ediblər. Onlar Vladimir Putinin siyasətinə qarşı çıxan insanları 20 sentyabrda, düz günorta saatlarında səsverməyə getməyə çağırıblar.

Yaşin mümkün təhlükə barədə onu kimin xüsusi olaraq xəbərdar etdiyini dəqiqləşdirməyib, həmçinin həmin məlumatın mahiyyəti və ya mənbəyi barədə heç bir məlumat verməyib.