BAKI, 18 sentyabr. TELEQRAF
Müasir dövrdə təhlükəsizlik məsələsi mühüm əhəmiyyət kəsb edir və daha geniş məna daşıyır. Bu anlayış özündə yalnız ordunun və ya silahlı qüvvələrin mühafizəni deyil, həm də enerji və nəqliyyat təhlükəsizliyini ehtiva edir ki, bunlar olmadan dünya sadəcə inkişaf edə bilməz. Bugünkü geosiyasi tendensiyaların diktə etdiyi yeni iqtisadi təhlükəsizlik arxitekturasının formalaşmasında isı Türk Dövlətləri Təşkilatına üzv ölkələri xüsusi rol oynayırlar.
Bu sözləri Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, müasir dünyada energetika və nəqliyyat müstəsna olaraq iqtisadi kateqoriyalar olmaqdan çıxmışdır:
“Onlar getdikcə dövlətlərin dayanıqlılığını, möhkəm xarici iqtisadi əlaqələr qurmaq və beynəlxalq bazarlara çıxışı təmin etmək vasitəsilə öz təhlükəsizliklərini qorumaq qabiliyyətini daha çox müəyyənləşdirirlər. TDT çərçivəsində qarşılıqlı fəaliyyət də yalnız etnik-mədəni və humanitar əməkdaşlıq çərçivəsindən kənara çıxmışdır. Strukturun Şuradan Təşkilata çevrilməsindən (və gələcəkdə İttifaqda transformasiya olunması da istisna edilmir) sonra onun türk məkanından qat-qat kənara çıxan geosiyasi funksiyası durmadan artır. Keçmiş zamanlarda xarici oyunçular tərəfindən daxili regional məsələlər kimi baxılan layihələr və müzakirələr artıq kontinental logistikanın sağ qalması və tərəfdaşlarımızın, dost ölkələrimizin enerji rifahı nöqteyi-nəzərindən ən aktual səslənməni qazanmışdır.
Türk dövlətlərinin inteqrasiyası Avrasiyanın sabitləşməsi üçün həlledici əhəmiyyət kəsb edir. Bu — ümumi təhdidlərə qarşı birgə mübarizə ilə təmin olunan regional təhlükəsizlikdir. Bu — enerji təhlükəsizliyidir. Türk ölkələrinin bir çoxu iri neft və qaz istehsalçısıdır. Bu sahədə əməkdaşlıq enerji resurslarının təchizatını şaxələndirməyə və enerji böhranı risklərini azaltmağa imkan verəcəkdir. Bu, həm də nəqliyyat təhlükəsizliyidir. Tələb olunan infrastrukturla təmin edilmiş əlaqəlilik iqtisadi dayanıqlılığın sütunlarından biridir.

Komitə sədri bildirib ki, bu gün enerji təhlükəsizliyi və nəqliyyat əlaqəliliyi kimi iki amili nəzərə almadan hərtərəfli təhlükəsizlikdən danışmaq qətiyyən mümkün deyil:
“Ehtiyatların çatdırılması üçün etibarlı marşrutlar olmadıqda, ehtiyatların mövcudluğu özlüyündə kifayət qədər üstünlük deyil. Nəqliyyat infrastrukturu isə o zaman strateji dəyər qazanır ki, dövlətlərə yeni bazarlara çıxmağa və xarici iqtisadi əlaqələri şaxələndirməyə imkan versin. Artıq tərifə ehtiyac qalmadan demək olar ki, Azərbaycan bütün bu üstünlüklərə malikdir və onları TDT-dəki tərəfdaşları ilə artıq bölüşüb. Ölkəmiz öz coğrafiyasına və logistika, energetika infrastrukturunun əsas elementlərinə malik olduğuna görə bu məkanda xüsusi yer tutur. Vaxtilə Azərbaycan liderinin uzaqgörənliyi sayəsində bu gün həm Qərb, həm də Şərq üçün əvəzolunmaz olduğu üzə çıxan layihələr həyata keçirilmişdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın imkanları ənənəvi marşrutların sual altına düşdüyü bir vaxtda Mərkəzi Asiyanın qardaş ölkələrinə Avropaya çıxış açdı. Mərkəzi Asiya regionu enerji və digər resurslarla çox zəngindir, lakin o vaxta qədər Türkiyə və Avropa ilə əlaqə qurmaq üçün etibarlı və müstəqil marşruta malik deyildi. İnkişaf etmiş liman, dəmir yolu, boru kəməri infrastrukturuna malik olan Azərbaycan TDT-dəki tərəfdaşlarına belə imkanlar təqdim etdi. Bütün bunlar Asiya ilə Avropa arasında yeni ticarət marşrutlarının formalaşması fonunda xüsusilə nəzərə çarpır".
Hicran Hüseynova vurğulayıb ki, dünya nizamı dəyişdikdə, öz nəqliyyat marşrutlarının, enerji müstəqilliyinin və qarşılıqlı dəstəyin əhəmiyyəti artır:
“Nəqliyyat-enerji əməkdaşlığı tədricən TDT-nin praktiki fəaliyyətinin əsas elementlərindən birinə çevrilir. Mədəni və tarixi yaxınlıq əməkdaşlıq üçün əsas yaradır, lakin məhz nəqliyyat və energetika infrastrukturu bu yaxınlığı dayanıqlı iqtisadi əlaqələrə çevirməyə imkan verir.
TDT çərçivəsində iqtisadi gündəlik genişlənir. Müasir logistik infrastruktura və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan Orta Dəhlizin əsas bəndinə və Təşkilatın mərkəzi asiyalı tərəfdaşlarının Avropa ilə əlaqəsi üçün etibarlı tranziterə çevrilir. Tranzitin energetika tərkib hissəsi də böyüyür. Son bir neçə ildə Qazaxıstan öz neftini Azərbaycan boru kəmərləri vasitəsilə Avropaya nəql etməkdə böyük maraq göstərir. 2027-ci ilə qədər Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə tranzit potensialını indiki 1,5 milyon tondan ildə 7 milyon tona çatdırmaq planlaşdırılır. Belə alınmışdır ki, TDT ölkələri enerji resursları ilə zəngindir, Avropa bazarları isə tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır. Azərbaycan bu sistemdə artıq təkcə enerji resurslarının istehsalçısı və ixracatçısı kimi deyil, həm də tranzit meydançası kimi çıxış edir. Ölkə ərazisindən Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən mühüm energetika kommunikasiyaları keçir.
İdeoloji təhlükəsizlik məsələsində gənclər xüsusilə həssas qrup kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, dövlət maraqlarının zəiflədilməsinə yönəlmiş və xaricdən həyata keçirilən fəaliyyətin əsas məqsədlərindən biri hələ formalaşma mərhələsində olan və manipulyasiyalara daha həssas olan gənc nəsildir. Buna görə də TDT çərçivəsində gənclər siyasətinə təkcə sosial və mədəni əməkdaşlıq kimi deyil, həm də uzunmüddətli təhlükəsizlik məsələsi kimi yanaşıla bilər.
Ümumilikdə, Bakıda ardıcıl olaraq keçirilən görüşlər, qeyri-rəsmi Zirvə görüşləri, energetika və nəqliyyat layihələri, ikitərəfli müttəfiqlik münasibətləri, investisiya fondları və təhlükəsizlik sahəsində artan koordinasiya göstərir ki, bu məqsəd üçün geniş institusional və praktiki baza artıq formalaşıb”.