BAKI, 19 sentyabr. TELEQRAF

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatik və hərbi strategiyasının nəticəsi olaraq, dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi dövlətçiliyimizin son iki yüz illik tarixinin ən şanlı və şərəfli səhifələrindən biri olduğu kimi, 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı da uzun illər ərzində suveren ərazilərimizdə kök salmış separatçılıq yuvasının darmadağın edildiyi və Azərbaycanın bütün ərazisində konstitusion hüquqlarının bərpa olunduğu tarixi gün kimi yadda qaldı.

Bunu Teleqraf-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Ermənistan Laçın, Ağdam və Kəlbəcərlə bağlı əldə edilmiş razılaşmalardan sonra vaxt qazandığını düşünərək Qarabağda separatçı rejimin qorunması üçün hərbi mövcudluğunu davam etdirirdi. Humanitar məqsədlər üçün açıq saxlanılmış Laçın yolundan isə sonradan hərbi cinayət məqsədlər üçün istifadə olunması ilə bağlı Azərbaycan tərəfindən ciddi narazılıqlar və ittihamlar irəli sürülürdü. Belə ki, bu istiqamətdən gizli şəkildə silah, mina və canlı qüvvənin daşınmasına başlanılmışıdı.

23 aprel 2023-cü ildə Həkəri çayı üzərində Azərbaycan tərəfindən sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bölgədə baş verən proseslərə nəzarət gücləndi. Məhz bundan sonra qanunsuz hərbi fəaliyyət və silah-sursat təminatı ilə bağlı faktlar daha aydın şəkildə üzə çıxdı. Hətta Erəmistandan idarə olunan Qırmızı Xaç Komitəsinin separatçılara gizli şəkildə missyadan kənar göstərdiyi qanusuz dəstəyi də ifşa edildi. Lakin Qarabağ separatçı rejimin nəzarətində qalan təhlükəli “boz zona” olmaqda davam edir, bu isə həm öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyi, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri üçün ciddi risk yaradırdı”.

Deputat bildirib ki, 19 sentyabr 2023-cü ildə başlanmış antiterror əməliyyatı Azərbaycan Ordusunun qarşısına son dərəcə ciddi hərbi və siyasi tapşırıqlar qoymuşdu:

“Əsas məqsədlər qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, Azərbaycanın konstitusion quruluşunun bərpası və mülki əhaliyə, eləcə də mülki infrastruktura mümkün qədər zərər yetirilməsinin qarşısının alınması idi.

Azərbaycan Ordusu bu əməliyyata yüksək hazırlıq səviyyəsində daxil oldu. Əməliyyatın gedişi Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini, idarəetmə imkanlarını və peşəkarlığını nümayiş etdirdi. 24 saatdan az müddətdə separatçı qüvvələr müqaviməti dayandırmağa məcbur oldular və ağ bayraq qaldırdılar.

Beləliklə, uzun illər Azərbaycanın suverenliyinə meydan oxuyan separatçı silahlı struktur faktiki olaraq darmadağın edildi. Azərbaycan dövləti isə bölgədə yaşayan erməni əhalisinə öz ərazisində Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşamaq, təhlükəsizliklərini təmin etmək və Azərbaycan cəmiyyətinin tərkib hissəsi kimi həyatlarını davam etdirmək imkanını təqdim etdiyini bəyan etdi.

Lakin sonrakı proseslər nəticəsində Qarabağda yaşayan erməni əhalisinin böyük hissəsi Ermənistana getdi. 28 sentyabr 2023-cü ildə isə həmin dövrdə separatçı quruma rəhbərlik edən Samvel Şahramanyan qondarma qurumun fəaliyyətinə xitam verilməsi barədə fərman imzaladı”.

Azər Badamov vurğulayıb ki, Azərbaycan Ordusu cəmi bir sutkadan az davam edən antiterror əməliyyatı ilə uzun illər ölkəmizin ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı istifadə edilmiş separatçı hərbi-siyasi strukturun mövcudluğuna son qoydu:

“Vaxtilə Azərbaycanın daxilində daimi qarşıdurma və qeyri-sabitlik mənbəyi kimi formalaşdırılmış separatizm layihəsi nəhayət iflasa uğradı.

Bu nəticə təsadüfi deyildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzunmüddətli və məqsədyönlü siyasəti, siyasi iradəsi və qətiyyəti, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və Azərbaycan xalqının “Dəmir yumruq” kimi birliyi 2020-ci ildə başlanmış tarixi prosesin məntiqi yekununu təmin etdi.

20 sentyabr 2023-cü ildən etibarən Azərbaycanın suverenliyinin bütün ərazidə təmin edilməsi ilə dövlətimizin konstitusion quruluşunun bərpası üçün yeni mərhələ başladı. Bu tarix Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biri kimi yadda qaldı.

20 sentyabr hadisələri eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların möhkəmləndirilməsi baxımından mühüm hərbi-siyasi nəticə oldu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini yalnız bəyan etmədi, həm də bu suverenliyi bütün ərazisində faktiki olaraq təmin etdi.

Bu hadisələrin əsas hərbi-siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan ərazisində paralel silahlı və siyasi strukturun mövcudluğuna son qoyuldu, dövlətin konstitusion hakimiyyəti bərpa edildi və ölkənin ərazi bütövlüyü məsələsi praktiki müstəvidə tamamlandı.

Bu gün Azərbaycan Cənubi Qafqazda mühüm siyasi və iqtisadi aktor kimi çıxış edir, regiondakı dövlətlər və müxtəlif güc mərkəzləri arasında nəqliyyat, enerji və iqtisadi bağlantıların inkişafında fəal rol oynayır, regional əməkdaşlıq üçün yeni platformaların formalaşmasına təşəbbüslər göstərir.

20 sentyabr — Suverenlik Günü münasibətilə xalqımızı təbrik edir, Azərbaycan dövlətinə və xalqımıza əbədi sülh, təhlükəsizlik, sabitlik və firavanlıq arzulayıram.

Bu tarix bizə bir həqiqəti bir daha xatırladır: Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi müzakirə predmeti deyil, dövlətimizin dəyişməz və toxunulmaz təməlidir”.