BAKI, 19 sentyabr. TELEQRAF

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, dövlətçilik salnaməsində yeni mərhələnin başlanğıcı kimi əbədiləşir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri də məhz belə tarixi hadisələrdəndir. Bu əməliyyat Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin etməklə ölkəmizin müasir tarixində yeni reallıq yaratdı.

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, 2023-cü ilin sentyabrına aparan yol bir gündə formalaşmamışdı:

“Bu tarixi nəticənin əsasında Azərbaycan dövlətinin illər ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət dayanırdı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər işğalın sona çatdırılması və ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Şuşanın azad edilməsi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Azərbaycanın hərbi-siyasi üstünlüyünü təsdiqlədi.

Lakin müharibədən sonra da Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin mövcudluğu, separatçı rejimin fəaliyyətini davam etdirməsi dövlət suverenliyinin tam təmin olunmasını zəruri edirdi. Sonrakı dövrdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal hərbi tədbirlər, strateji yüksəkliklərin nəzarətə götürülməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu məqsədə doğru atılan ardıcıl addımlar oldu.

Azərbaycan bütün bu mərhələlərdə sülh və danışıqlar imkanlarını qorudu, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etdi. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması və separatçı strukturların fəaliyyətini davam etdirməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. 2023-cü ilin sentyabrında törədilən hərbi təxribatlar və mina terroru isə Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid yaratdı.

Belə bir şəraitdə 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Məqsəd qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoymaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərksilah etmək və Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək idi.

Cəmi 23 saat davam edən əməliyyat Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş hazırlığını, çevik idarəetmə imkanlarını və müasir texniki təchizatını nümayiş etdirdi. Hədəflərin dəqiq müəyyənləşdirilməsi və qarşıya qoyulmuş vəzifələrin qısa müddətdə yerinə yetirilməsi Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində formalaşmış yüksək döyüş qabiliyyətinin növbəti təsdiqi oldu.

Əməliyyatın mühüm xüsusiyyətlərindən biri də hədəfli xarakter daşıması idi. Tədbirlər qanunsuz silahlı birləşmələrin mövqelərinə və hərbi obyektlərinə qarşı yönəldildi, mülki əhalinin təhlükəsizliyinin qorunmasına və humanitar məsələlərə xüsusi diqqət yetirildi. Nəticədə Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı birləşmələr tərksilah edildi və onların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı razılaşma əldə olundu”.

Komitə sədri bildirib ki, hərbi nəticə qısa müddətdə siyasi müstəvidə də öz əksini tapdı:

“28 sentyabr 2023-cü ildə separatçı rejimin rəhbəri Samvel Şahramanyanın imzaladığı fərmanla həmin qanunsuz qurumun bütün “dövlət qurumlarının” və təşkilatlarının 1 yanvar 2024-cü ilədək ləğv edilməsi nəzərdə tutuldu. Beləliklə, uzun illər Azərbaycan ərazisində yaşadılmağa çalışılan separatçı qurumun fəaliyyətinə faktiki olaraq son qoyuldu.

28 sentyabr fərmanı separatizmin siyasi iflasının açıq ifadəsi idi. Azərbaycan Ordusunun hərbi müstəvidə əldə etdiyi nəticə separatçı rejimin siyasi və institusional dayaqlarının da aradan qalxmasına gətirib çıxardı. Bununla Azərbaycanın suverenliyi bütün ərazisində tam təmin edildi və konstitusion hüquq məkanı bərpa olundu.

Bu tarixi nəticə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ardıcıl hərbi-siyasi strategiyanın mühüm nəticəsidir. Dövlət başçısının diplomatik xətti, siyasi iradəsi, ordu quruculuğu siyasəti və milli maraqlara əsaslanan qətiyyətli mövqeyi bir-birini tamamladı. Azərbaycan beynəlxalq müstəvidə öz haqlı mövqeyini müdafiə etməklə yanaşı, onu təmin edəcək hərbi gücü də formalaşdırdı.

Bu baxımdan 19-20 sentyabr antiterror tədbirləri 44 günlük Vətən müharibəsində başlanan Zəfər yolunun məntiqi və tarixi davamı oldu. 2020-ci ildə işğala son qoyuldu, 2023-cü ildə isə Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi”.

Siyavuş Novruzov vurğulayıb ki, bu gün Qarabağda Azərbaycan bayrağının dalğalanması, dövlət qurumlarının fəaliyyət göstərməsi, şəhər və kəndlərimizin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və Böyük Qayıdış proqramının həyata keçirilməsi həmin tarixi Zəfərin real nəticələridir:

“Dünən döyüş meydanında əldə edilən qələbə bu gün quruculuq meydanında davam etdirilir. 19-20 sentyabr 2023-cü il Azərbaycan tarixində yalnız uğurla başa çatmış hərbi əməliyyat kimi deyil, milli dövlətçilik tariximizin dönüş nöqtələrindən biri kimi qalacaq. Bu tarix Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Azərbaycan Ordusunun gücünün təcəssümüdür. Sentyabr Zəfəri göstərdi ki, müstəqil Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək, milli maraqlarını qorumaq və qarşısında dayanan tarixi vəzifələri həyata keçirmək qüdrətindədir. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti ilə qazanılıb. Bu gün əsas vəzifə həmin tarixi nəticələri qorumaq, dövlət suverenliyimizi daha da möhkəmləndirmək və Qarabağda Böyük Qayıdış və quruculuq prosesini uğurla davam etdirməkdir”.