BAKI, 19 sentyabr. TELEQRAF

"Qafqaz Albaniyasının maddi-mədəni irsinə və Gəncəsar monastrına yönəlmiş erməni iddiaları tamamilə əsassızdır və qəbuledilməzdir. Azərbaycanın çoxəsrlik tarixində xüsusi çəkiyə malik olan qədim xristianlıq irsi, o cümlədən memarlıq incisi sayılan Gəncəsar monastrı və digər dini-ibadət yerləri son dövrlərdə erməni tərəfinin sistematik saxtalaşdırma və mənimsəmə siyasətinə məruz qalmaqdadır".

Bunu Teleqraf-a Milli Məclisin deputatı, tarixçi alim Vasif Qafarov deyib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyəti və media qurumlarını çaşdırmağa yönəlmiş bu iddialar heç bir elmi, tarixi və hüquqi əsasa malik deyil:

"Tarixi araşdırmalar sübut edir ki, bu abidələr ermənilərə deyil, birmənalı olaraq Qafqaz Albaniyasına məxsusdur. Qafqaz Albaniyası irsinə məxsus eyni məzmunlu xristian abidələri Azərbaycanın bir çox digər bölgələrində də var ki, həmin bölgələrə tarix boyu ermənilərin heç ayağı dəyməyib.

Qafqaz Albaniyasına məxsus xristian abidələrinə sahiblik iddiası irəli sürmək, həmin abidələrin saxtalaşdırıb erməni irsi abidələri kimi təqdim etmək erməni xəstəliyinin bir növüdür.
Zaman-zaman ermənilər tərəfindən tarixi reallıqlarla səsləşməyən belə iddialar irəli sürülüb və hər dəfə ciddi elmi dəlillərlə bu iddiaların əsassız olduğu sübut olunub".

Deputat bildirib ki, Ermənistanın Azərbaycan ərazisindəki qədim xristian dövləti olan Qafqaz Albaniyasının suveren dini və memarlıq irsini özününküləşdirmək cəhdləri növbəti tarixi saxtakarlıq kampaniyasından başqa bir şey deyil:

"Erməni tərəfinin Gəncəsər monastırına və digər alban kilsələrinə yönəlmiş iddialarını qətiyyətlə rədd edirik. Beynəlxalq ekspertləri, tarixçiləri və media nümayəndələrini siyasi məqsədlər güdən erməni tezislərinə deyil, obyektiv arxeoloji həqiqətlərə istinad etməyə çağırırıq. Qafqaz Albaniyasının irsi Azərbaycan xalqının multikultural dəyərlərinin və çoxəsrlik tarixi-dini mənzərəsinin ayrılmaz və təkzibolunmaz bir parçasıdır".