BAKI, 19 sentyabr. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Ermənistanın son davranışlarında sülh prosesinə paralel gedən ziddiyyətli mesajlar varmı?
- Ermənistanın sülh prosesinə yanaşması ondan ibarətdir ki, onlar bir sıra məsələləri ləngidirlər. Faktiki olaraq, bu gün gündəmdə iki məsələ mövcuddur. Bu Ermənistan konstitusiyasına ediləcək dəyişikliklə bağlı referendumun keçirilməsidir. Ermənistanın ədliyyə naziri açıqlama verib ki, ilin sonuna qədər yeni konstitusiya mətni hazırlanıb müzakirəyə veriləcək. Bu isə, o deməkdir ki, məsələ ilə bağlı müzakirələr gələn ilin əvvəlində də davam edəcək. Gözlənilən odur ki, Ermənistanda gələn il referendumun keçirilməsi mümkündür. Amma bununla bağlı da hələlik qəti qərarları yoxdur. Eyni zamanda Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı Ermənistan tərəfi maraqlı olduğunu açıqlasa da, burada da ləngimə hiss olunur. Belə çıxır ki, gələn ilin əvvəlində də dəhlizin tikintisinin başlaması ehtimalı yoxdur. Bu məsələdə də uzanma var. Halbuki, burada söhbət 42-43 km-lik bir məsafədə çəkiləcək yoldan gedir. Bunun üçün maliyyə də ayrılıb. Amma hələlik bir iş görülməyib.

- Bu yolun çəkilişi nədən ləngiyir?
- Verilən açıqlamalarla əməl arasında fərq var. Bu da prosesi ləngidən əsas amillərdəndir.
- İrəvanın daxili siyasi ritorikası ilə danışıqlar masasında üzərinə götürdüyü öhdəliklər arasında uyğunsuzluq yaranarsa, bunun qarşısını necə almaq olar?
- Əslində, Ermənistanın Baş naziri Nikol Paşinyana bu addımları atmaq üçün müxalifətin maneəçiliyi yoxdur. Artıq o radikal müxalifəti də susdurub. Müxalifət liderlərinin bir hissəsi həbsdədir, digər qismi isə sanksiya altındadır. Yəni, Rusiya ilə əlaqəsi olan radikal müxalifət və kilsə Paşinyana maneə yaradacaq gücdə deyil.
- Bu halda niyə konkret addım atılmır?
- Ola bilsin Paşinyan məsələni referenduma çıxarsa, erməni cəmiyyətinin fərqli bir yanaşma sərgiləyəcəyindən ehtiyat edir. Erməni cəmiyyətinin ona dəstək verməsinə baxmayaraq, konstitusiya dəyişikliyi məsələsində o fərqli nəticə əldə edə biləcəyindən narahatdır.

- Belə bir nəticənin əldə olunması nəyə səbəb ola bilər?
- Bu cür nəticənin əldə olunması sülh quruculuğuna böyük bir zərbə olar. Bununla da erməni cəmiyyətinin öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsini istəyi və niyyəti ifadə olunacaq. Sözsüz ki, bu sülh quruculuğuna zərbə olmaqla yanaşı, gələcəkdə yeni bir münaqişə ocağının yaranmasına da şərait yarada bilər.
- Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bundan sonra əsas məsuliyyət hansı konkret addımlardan keçir? Hazırkı mərhələdə əsas problem siyasi iradənin çatışmazlığıdır, yoxsa hüquqi və institusional məsələlərin tamamlanmamasıdır?
- Bu daha çox hüquqi və institusional məsələlərlə bağlıdır. Bu mənada gələn il bölgə üçün əsas təqvimlərdən biri olacaq. Bunun fonunda bütün gözləntilər gələn ilə qalır. Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi, sülh sazişinin imzalanması və Zəngəzurdan keçəcək Tramp marşrutunun tikintisinə başlanılması ilə bağlı konkret nəticələr əldə etmək mümkündür.

- Gələn il gözlənilən bu addımlar atılmasa, nə baş verə bilər?
- Əgər, nəzərdə tutulan bu addımlar atılmasa, Rusiyanın əli ilə müxtəlif qüvvələr vəziyyəti gəringləşdirə bilər. Bununla da bölgədə vəziyyət dəyişər. Sözsüz ki, bu da Paşinyanın əleyhinə işləyən bir haldır. Ona görə gələn il Paşinyan üçün test dövrüdür. O prosesləri sürətləndirmək baxımından bir qərar verməlidir. Onun hansı siyasətə üstünlük verəcəyini isə zaman göstərəcək.
- Son bir ildə əldə olunan irəliləyişlərin geri dönməz olması üçün hansı təminatlar lazımdır? Tərəflər 2026-cı ilin avqustunda da birbaşa dialoqu, sərhəd delimitasiyasını və əlaqələrin inkişafını davam etdirmək barədə razılaşdıqlarını bildiriblər.
- Bu prosesin geri dönüşünün olmaması üçün sülh məsələsinin yekunlaşmasına ehtiyac var. Hazırda Azərbaycanla Ermənistan arasında sülh quruculuğu uğurla davam edir. Qarşılıqlı olaraq təmaslar var, sərhəd xətti boyu atəş səsi eşidilmir. Hər iki tərəfdən itkilər yoxdur. Sözsüz ki, bu uğurlu irəliləyişlərdir.
- Sizcə, prosesin hər zaman belə qalacağına zəmanət verilə bilərmi?
- Təbii ki, indiki şəraitin həmişə belə qalacağına heç kəs təminat verə bilməz. Çünki, Ermənistandakı bəzi qüvvələr prosesi qarışdıra bilərlər. Onlara bu məsələdə kənar qüvvələrin dəstək verməsi ehtimalı var. Paşinyan radikal müxalifəti zəiflətsə, kilsəni neytrallaşdırsa da, Ermənistan ordusunda casus şəbəkəsi ola bilər. Bu casus şəbəkəsi xaricdən aldığı təlimat əsasında sərhəddə atəş açmaqla bölgədəki vəziyyəti gərginləşdirə bilər. Ona görə də, bu proseslərin qarşısını almaq üçün sülh istiqamətində nəzərdə tutulan addımların atılması başa çatdırılmalıdır.

- Sülh sazişi imzalandıqdan sonra yeni bir gərginliyin yaranması ehtimalı varmı?
- Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması əsas təminatdır. Amma ondan sonra da proses nəzarətdə saxlanılmalıdır. Çünki hazırda Ermənistan parlamentində də keçmiş “Qarabağ məsələsini gündəmdə saxlamalıyıq" kimi səslər eşidilir. Paşinyan prosesin bitdiyini bəyan etsə də, buna qarşı çıxan kəsim də var. Məhz həmin kəsim də bölgədə yenidən vəziyyətin gərginləşməsində maraqlı ola bilər.