Xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan aktrisa hazırda teatrın gənc aparıcı aktrisalarından biridir. 18-dən çox filmə və seriala çəkilib.

Kann Film Festivalında iştirak edən ilk azərbaycanlı aktrisadır.

Teleqraf.com aktrisa Zülfiyyə Qurbanova ilə müsahibəni təqdim edir:

- Zülfiyyə xanım, seriallarda rol alan sənət yolu keçməmiş qızların qüsurlarını dilə gətirməkdən çəkinməyən birisiniz. Bu barədə sosial şəbəkələrdə tez-tez qeydləriniz olur...

- Daha dəqiqi, iki statusu bu mövzuya həsr etmişəm. Axı hər şey göründüyü kimi deyil. İncəsənət aləmində pərdə arxasında çox şeylər baş verir. Yüzünü görürəm, ikisini yazıram... Bəzən statusu yazıram, amma paylaşmıram. Səbir kasam daşanda daha dayana bilmirəm.

- Nələr görürüsüz?

- Kaş bizim aktyor və aktrisalar həyatda oynadıqları kimi kamera önündə də təbii olaydılar... Elə aktrisalar var, kənarda danışıb gülürük, efirə çıxanda onları tanımıram. Kaş kamera önündə də oynaya biləydilər.

O ki qaldı aktyor təhsili almamış insanların filmə çəkilməsinə, “qapı açıqdı, kim istəyər, gələ bilər” düşüncəsi ilə sənətə yanaşmaq olmaz. Adam iki cümləni yanaşı deyə bilmir, bir sözün sinonimini soruşsan bilməyəcək, amma serialda baş rol oynayır.

Mən əslində hamının gördüyünü yazıram. Sadəcə, bizdə incəsənətdəki mənfi nüansları heç kəs yazıb paylaşmır. Qorxurlar ki, qüsurları yazsalar, sənət adamlarının, sadə insanların onlara münasibəti dəyişəcək.

Əminliklə deyirəm, statuslarımı oxuyan on adamın yeddi-səkkizi bilir ki, düz yazmışam.

- Etiraz edənlər olur?

- Yox. Bilirlər ki, düzdür, amma yazırlar ki, boş ver, həmişə belə olub, belə də olacaq.

- Zülfiyyə xanım, həmin qızları qeyri-peşəkarlıqda günahlandırır, incəsənət təhsili almadıqlarını qeyd edirsiz. Amma etiraf edək ki, kənar sahələrdən gəlib böyük uğur qazananlar da olur.

- Səmimi deyirəm, mən təhsili əlində bayraq edənlərdən deyiləm. Sənət elə bir yaradıcılıq növüdür ki, onun üçün təhsil elə də vacib deyil. Heç bir təhsil almamış birində istedad varsa, təbii ki, rəsm də çəkə bilər, rol oynaya da bilər. Hər halda kiminsə tapıntısı olaraq sənətə gəlib, bu sahədə məhşurlaşan biri sonradan məşğul olduğu sahə üzrə təhsil alsa daha gözəl olar.

Deyə bilərsiniz ki, qonşu Türkiyədə də belə qayda var, kənardan aktyor kimi filmlərə çəkilənlər olur. Axı orda kastinqlər təşkil edilir, hər şey axtarışların nəticəsi kimi ortaya çıxır. Aktyorun diksiyasında qüsur varsa, mütəxəssis yanına gedir, səhvlərini düzəldir, öz üzərində işləyir.

Bilirəm, Kıvanç Tatlıtuğunku qədər pulumuz yoxdur ki, Amerikada təhsil alıb özümüzü mükəmməlləşdirək. Amma ev şəraitində də olsa, öz üzərilərində işləmək mümkündür. Diksiyani düzəltmək üçün o qədər dərs proqramları var ki...

- Bəs siz özünüz daha da mükəmməlləşmək adına nə edirsiniz?

- Bunu siz deyən siyahıya daxil etmək olar, ya yox, bilmirəm. Elə aktrisa var, onun oyununa 50 dəfə baxıram. Hər dəfə baxıb təəccüblənirəm. Yalan deyərəm ki, oturub ancaq azərbaycanlılara baxıram. Xeyr. Heç vaxt bizimkilərə baxıb, valeh olmamışam.

- Kimləri izləyirsiniz?

- Uzağa getməyək, Türkiyədə Gökçə Bahadır adlı bir aktrisa var, dünya gözəli deyil, amma dörd filmini, üç serialını yan-yana qoysaq, bir rolu o birisinə oxşamayacaq. Tuba Büyüküstün çox gözəl qadındır, amma aktrisa deyil. Halbuki tərəf-müqabilləri yaxşı olanda belə, onu işlədə bilmirlər. Gökçə Bahadır isə onun yanında plastilindir. Müxtəlif səpkili və bir-birinə oxşamayan oyun tərzi var.

Kıvanç Tatlıtuğ çox istedadlıdır. Modellikdən aktyorluğa gəlib, üstəlik master-klasslara qatılıb, Amerikada kurs keçib, təhsil alıb. Amma quyuya su tökməklə su dolmur, sadəcə, o özü istedadlıdır.

Maddi imkanım olsa, məmnuniyyətlə, ilk növbədə dil kursuna gedib, ardınca Amerikada hansısa master-klassda təlim keçərəm.

- Haqsızlığı, ədalətsizliyi görəndə peşman olursunuzmu?

- İncəsənət adamlarında iki yalan var: biri “heç vaxt peşman olmamışam”, o biri “uşaqlıqdan aktrisa olmaq istəyirdim”.

Bu iki yalana heç vaxt inanmıram. Bu sözləri hansı müsahibədə görsəm bilirəm ki, səmimi deyillər.

Hətta uşaq vaxtı cizgi filmlərində titrlər gedəndə düşünürdüm ki, orda Zülfiyyə Qurbanova yazılsa, nə gözəl olar. Bu, hamının təxəyyülüdür. Uşaqlıqda çox aktiv idim, anam deyirdi ki, sənə beş dəqiqə sakit oturmağın üçün pul verirdim, beşinci dəqiqənin tamamına az qalmış pulu geri qaytarıb danışmağa başlayırdın.

Kicik yaşlarımdan rəssamlıqla məşğul olurdum. Hamı rəssam olacağımı düşünürdü. 7 il Bülbül adına Rəssamlıq Məktəbində oxudum, çox gözəl rəsmlər çəkirdim. Sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinə vermək istəyirdim. Qabiliyyət imtahanına gecikib, universitetə daxil ola bilmədim.

Anam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsini, yəni indiki kütləvi tamaşalar rejissorluğunu bitirib. İllərlə Sumqayıt şəhərində mədəniyyət evinin rəhbəri olub. Bacımla məni tez-tez mədəniyyət evinə aparırdı, orada çalğı, rəqs ansamblları fəaliyyət göstərirdi, biz də o ab-havanın içində böyümüşük. Ona görə də rəssamlıqdan aktrisalığa keçid mənə çox asan gəldi.

Qabiliyyət imtahanına məni anam hazırlaşdırdı. İmtahanı məndən rəhmətlik Əliabbas Qədirov, rejissor Bəhram Osmanov götürdü. Bütün mərhələləri uğurla keçdim.

Yalan deməyəcəm, ani peşmanlığım olub. Hərdən fikirləşmişəm ki, müəllimə olardın, beş-altı saat dərsini deyib, gələrdin evə. Sonra deyirəm ki, bu xasiyyətlə o işi bacarmazdım. Çox çılğınam.

- Qliserindən istifadə edib ekranda ağladığınız səhnələr olurmu?

- Aktyorun ağlamağı üçün bir saat gözləyənləri görmüşəm. Bu sözümə görə üzr istəyirəm, mən bunu heç başa düşə bilmirəm.

Ssenarini oxuyuram, qəhrəmanım müxtəlif cıxılmaz, vəziyyətlərə düşür, stress keçirdir, başına bir cox hadisələr gəlir. Əgər səhnədə aglamaq lazimdırsa , səhnə bunu tələb edirsə, mən aglaya bilmirəmsə, deməli, sənət bir yana, mənim içimdə, daxili dünyamda problem var. Heç vaxt qliserindən istifadə üsuluyla ağlamamışam. Belə səhnələrdə insanın şəxsi yaşantıları da önəmlidir.

Tamaşaçılar məni daha çox mənfi obrazda gördüklərindən bəlkə də həssas insan olduğumu bilmirlər. İşə geciksəm belə, küçədə gördüyüm itin balasını evə aparıb, ona qulluq edib, sonra işə getmişəm.

- Şəxsi həyatınız barədə demək olar ki, danışmayan aktrisalardansınız.

- Heç bir peşəkar dünya ulduzu şəxsi həyatı haqda müsahibə verib gündəmdə qalmır. Demirəm, biz dünya ulduzuyuq. Bunu “Hollivudda, Türkiyədə edirlər ” deyən tamaşaçı üçün deyirəm.

Şəxsi həyatımdan heç vaxt danışmıram, danışmaq da istəmirəm. Amma sizə bir söz deyim, mənim anam başqasında olsaydı, o insana çox paxıllıq edərdim. Anam həyatını bizə sərf etdi. Mən heç vaxt belə bir riskə getmərəm.

- Yəni həyatınızı kiməsə həsr etməyi bacarmazsınız?

- Anam qədər bacarmaram. Əlbəttə, hansısa məqamda həyatını kiməsə həsr etmək istəmisən. Amma buna layiq olmadığını görəndə bu riski etmədiyimə sevinmişəm.

- Zülfiyyə xanım, uzun illərdir Bələdiyyə Teatrında çalışırsınız. Bu teatrın sərgərdan həyatı yaradıcılığınıza necə təsir edir?

- Çox mehriban kollektivimiz var, gözəl tamaşalarımız olur. Amma təəssüf ki, hələ teatrın binası yoxdur. Ona görə tamaşalarımızı mütəmadi oynaya, tamaşaçılarımızla teatrda görüşə bilmirik. Çox istəyirəm ki, seriallarda, filmlərdə məni və kollektivimizin digər üzvlərini görüb bəyənənlər teatrdakı fəaliyyətimizdən də xəbərdar olsunlar.

- Sizi Azərbaycanın kino çevrəsi Amerikada Tələbə Oskarına layiq görülən “Tabutçunun yelləncəyi” filmindəki rolunuzdan sonra tanıdı. Adətən, aktrisalarımız əxlaqsız qadın obrazlarından da uzaq qaçırlar. Rejissor sizi həmin rola necə razı saldı?

- Kommersiya filmləri Azərbaycan daxilində tanınmaq üçün yaxşı imkandır, amma ölkədən kənarda tanınmaq üçün festival filmləri mühümdür. Bir gün aktyor dostum zəng edib nömrəmi xaricdə yaşayan azərbaycanlı rejissora vermək istədiyini dedi. Onun vasitəsilə filmin rejissoru Elmar İmanovla danışdım. Görüşdük, filmdəki tərəf-müqabilim Rasim Cəfərlə də orda qarşılaşdım.

Rasim çox yaxşı aktyor, çox yaxşı tərəf-müqabilidir. Rejissor obrazımı ehtiyatla mənə başa salırdı. Dedi, obraz kəndin pozğun qadınıdır, amma heç bir açıq-saçıq səhnə olmayacaq. Rolumu mənə o qədər gözəl, səliqəli başa saldı ki, ssenarini də oxuyub razılıq verdim.

- Kanna isə Elmar İmanovun ikinci “Torn” filmi ilə getdiniz. Festivala gedəcəyinizi biləndə nə hiss etmişdiniz?

- Aktyor olmağa qərar verən hər kəs dünya festivallarını izləyir. Xüsusilə də Kann Film Festivalını. Zəng etdilər ki, sabah sənədlərinizi gətirin, gedirik viza almağa... Həmin ərəfədə seriala çəkilirdim, üstəlik başqa işlərim də vardı. İşlərimin çox olmasına rəğmən, həyəcan, xoşbəxtlik hissi biri-birinə qarışmışdı. Xəyal idi, gerçək olmuşdu...

Festivalda filmimiz həftəlik proqram çərçivəsində nümayiş olunurdu. Filmə baxan bir xarici jurnalist xanım dedi ki, ingilis dilində titrlər olmasaydı belə, hər şeyi anlayırdım. Söz önəmli deyil, səmimiliyiniz insanı çəkir. Bu sözlərdən, xoş münasibətdən sonra insan özünü dünya ulduzu hiss edir.

- Neçə gün orda qaldınız?

- On gün qalıb qayıtdıq. Çox gözəl ölkədir, insanları istiqanlıdır. Adətən deyirlər ki, Azərbaycanda qızlar çox makiyajdan istifadə edirlər. Heç elə deyil. Biz orda ən makiyajsız gəzən insanlar idik.

- Geyiminiz xüsusi hazırlanmışdı?

- Modelyer Günel Behbudovanın kolleksiyasından geyinmişdim. Təəssüf ki, orda peşəkar fotoqraf tərəfindən çəkilən şəkillərdə problem oldu. Əlimdə yalnız telefonumla çəkilən bir-iki şəkil qaldı.

- Sizi niyə rejissorlar mənfi qəhrəman kimi görürlər? Yorulmamısınız?

- Çox yorulmuşam. Yeni gələn təkliflər də mənfi obrazlarla bağlıdır. Rejissorlara başa sala bilmirəm ki, mələk də ola bilirəm, ifritə də...